Qarabağdakı ermənilər Rusiyaya üz tutur

Azərbaycan Ordusu 44 günlük müharibə dövründə tam qələbə qazanaraq Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Dağlıq Qarabağın incisi olan Şuşa şəhəri, onun ardınca bir gündə 70-dən artıq kənd, 8 strateji yüksəklik azad etməklə Ermənistan diz çökdü və ağ bayraq qaldırdı.

MHP.Az Baku.ws-ə istinadən xəbər verir ki, düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu.

Bunun nəticəsidir ki, Ermənistan ordusu darmadağın oldu, atəşkəs ərəfəsində vahid komandanlıq qalmadı və işğalçı ordu müqavimət qabiliyyətini itirdi.

Kəlbəcər, Ağdam və Laçının boşaldılması və Ermənistanla sərhəd bölgələrinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ilə faktiki olaraq Ermənistanla Dağlıq Qarabağı yalnız 5 km-lik kiçik Laçın dəhlizi əlaqələndirəcək.

Azərbaycan Ordusunun Dağlıq Qarabağda əldə etdiyi qələbə ermənilərin əhvalını elə korlayıb ki, onlar Rusiyaya birdəfəlik gedərək orada yaşamağa başlayıblar. Bu barədə erməni politoloq Stepan Danielyan “Facebook” səhifəsində yazıb.

O qeyd edib ki, Dağlıq Qarabağ işğaldan azad edilməyənə qədər həmin bölgədə yaşayan ermənilər Rusiyaya daimi olaraq köç etmək niyyətindədir: “Biz sürətlə genofondumuzu və əraziləri itiririk. Əsl oğurluq indi baş verir. Ərazilərimiz, təhlükəsizliyimiz, genofondumuz, milli sərvətlərimiz birdəfəlik əlimizdən çıxır”.

Erməni politoloq həmçinin deyib ki, Nikol Paşinyan hakimiyyəti səriştəsiz siyasət yürüdür və ancaq vəzifədə qalmağı fikirləşir. O həmçinin hakim partiyanın aparıcı üzvlərini “çirkin məxluqlar” adlandırıb.

Qeyd edək ki, Ermənistandakı mövcud vəziyyət 1992-93 illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakatə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər.

Məlumat üçün bildirək ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan Qarabağ ərazisində yaşayan ermənilərə öz vətəndaşları kimi baxır: “Hesab edirik ki, münaqişə nizamlanandan, işğala son qoyulandan sonra Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi uzun illər boyu olduğu kimi birlikdə yaşamalıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir