“Bəşəriyyət müharibənin erməni üzünü də, azərbaycanlı üzünü də gördü” – Partiya sədri

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin noyabrın 10-da imzaladığı birgə bəyanat ölkəmiz və xalqımız üçün fövqəladə əhəmiyyətli sənəd hesab olunduğuna görə biz bu bəyanat haqda hələ uzun müddət danışacağıq. Bu günkü şərhimdə də sözügedən bəyanatın bəzi məqamlarına toxunacağam. Amma əvvəlcə qəhrəman əsgərlərimiz, şəhidlərimiz barədə bir neçə kəlmə demək istəyirəm.

Mən əziz şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı qazilərimizə isə tez sağalmalarını arzu edirəm. Onlar həqiqətən də bizim qürur yerimizdirlər. Əsgərlərimiz bu 44 gündə canları və qanları ilə tarix yazdılar, 30 illik işğala son qoydular, boynumuzdan “Damokl qılıncı” kimi asılmış status-kvonu ləğv etdilər, Qarabağımız üzərindən oynanılan geopolitik ssenariləri alt-üst etdilər. Məhz hərbçilərimizin şücaəti və Ali Baş Komandanımızın uzaqgörənliyi, əzmkarlığı sayəsində torpaqlarımız işğaldan azad olundu. Qarabağın ürəyi, Azərbaycanın incisi olan Şuşa yenidən öz tarixi sahibinə qovuşdu. Biz 30 il idi ki, o torpaqlara həsrət idik. Həsrətimizə son qoyuldu. Biz bir millət olaraq natamamlıq kompleksindən, yarımçıqlıq hissindən xilas olduq. Və buna görə ilk növbədə əziz şəhidlərimizə, qəhrəman əsgərlərimizə borcluyuq. Həm də bir ömür boyu borcluyuq!

O ki qaldı 10 noyabr bəyanatına, açığı, mən bu sənədi də bizim böyük siyasi-diplomatik qələbəmiz kimi dəyərləndirirəm. 10 noyabrda imzalanan üçtərəfli bəyanat birmənalı şəkildə Ermənistanın təslimiyyət (kapitulyasiya) aktıdır. Biz bu məsələyə dair tarixi paralellər aparsaq, Ermənistanın imzaladığı bu kapitulyasiya aktını 1945-ci ildə Almaniyanın imzaladığı kapitulyasiya aktı ilə müqayisə edə bilərik. Fərq ondadır ki, 10 noyabr kapitulyasiya aktını birbaşa Ermənistanın Baş naziri Nikol Paşinyanın özü imzaladı, lakin Almaniyanın kapitulyasiya aktını isə feldmarşal Keytel imzalamışdı. Çünki həmin vaxt Almaniyanın dövlət başçısı (reyxs-füreri) Adolf Hitler artıq həyatda yox idi, intihar etmişdi.

Onu da qeyd etməliyik ki, İlham Əliyevin Vladimir Putinlə və Nikol Paşinyanla birgə imzaladığı bu bəyanatın mətni, müddəaları sentyabrın 27-dən başlayan Azərbaycan Ordusunun əks-hücumunun nəticəsində yaranmış yeni reallıqlara uyğun hazırlanıb. Bu isə o deməkdir ki, bəyanatın müddəalarında Azərbaycanın maraqları tam əksini tapıb. Çünki qalib tərəf kimi şərtləri məhz Azərbaycan tərəfi diktə edib. Ordumuzun tarixi qələbəsi təkcə Qarabağdakı reallıqları dəyişmədi, bu qələbə həm də işğalçı Ermənistanın öz daxilində yeni reallıqların formalaşmasına təkan verdi. İndi Ermənistanın daxilində hökm sürən biabırçı mənzərə və Paşinyana qarşı səngimək bilməyən etirazlar, istefa tələbləri məhz Şanlı Ordumuzun tam və qəti qələbəsinin təzahürləri, nəticələridir.

Qarabağın əllərindən çıxması Ermənistandakı siyasi qüvvələrin bir-birinə düşmən kəsilməsinə səbəb olub. Hazırda Ermənistan cəmiyyətinin daxilində güclü parçalanma tendensiyaları müşahidə olunur. Düşmən ölkə faktiki olaraq vətəndaş müharibəsinin astanasında, bir addımlığındadır. İndi Ermənistanda hər an kütləvi iğtişaşlar başlaya və qan tökülə bilər. Lakin düşmən ölkədə baş verənlərin fonunda Azərbaycanda isə tamam başqa bir mənzərənin hökm sürdüyünü müşahidə edirik. Sözügedən birgə bəyannaməyə xüsusi qürur hissilə imza atan Ali Baş Komandan, Prezident İlham Əliyev xalqımız tərəfindən güclü dəstəyə malikdir. Qalib Ali Baş Komandanla qalib xalq arasında möhkəm milli birlik və milli həmrəylik atmosferi hökm sürür. Biz bu həmrəyliyi 44 gün davam edən müharibə dönəmində də daim müşahidə etdik, bu gün də bu həmrəyliyin davam etdiyini və insanlarımızın əhval-ruhiyyəsindəki qələbə sevincinin coşqusunu görməkdəyik.

Bəli, indi hamımız Qələbə ovqatına köklənmişik. Ermənilər isə bu arada Kəlbəcərdə tərk etdikləri evlərə od vurur, meşələrdən ağacları qırıb odun kimi daşıyır, hətta unitaz və qapı-pəncərəni də belə söküb aparırlar. Bu da məğlub xalqın rüsvayçı davranışıdır. Artiq erməni murdarlığını, xainliyini, xəbisliyini bütün dünya gördü. Məğlub xalqın hansı xislətin yiyəsi olması bütün çılpaqlığı ilə üzə çıxdı. Bizsə məğrur xalq, nəcib toplum olduğumuzu 44 günlük müharibənin gedişində hər kəsə əyani şəkildə göstərdik. Necə deyərlər, bəşəriyyət müharibənin erməni üzünü də, azərbaycanlı üzünü də gördü. İndi hər kəs “Mən azərbaycanlıyam!” sözünü xüsusi fəxr hissilə dilə gətirə bilər.

Mən fürsətdən istifadə edib cənab Prezidentimizi, Xalqımızı və Ordumuzu bir daha bu möhtəşəm Qələbə münasibətilə ürəkdən təbrik edir və qarşıdakı siyasi-diplomatik mübarizə mərhələsində dövlətimizə uğurlar diləyirəm. Milli Həmrəylik Partiyası olaraq biz hər zaman dövlətimizin yanındayıq!

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir