Belçika ədalətin və beynəlxalq hüququn yanında yox, yalanın və siyasi əxlaqsızlığın tən ortasında yer aldı

Belçika parlamentinin (Nümayəndələr Palatası) Ermənistanla münaqişəyə görə Azərbaycanı qınayan qətnamə layihəsi qəbul etməsinə sadəcə “təxribatdır” desək, zənnimcə, fikrimizi tam ifadə etmiş olmarıq. Bu, sözün əsl mənasında siyasi fahişəlikdir və riyakarlıqdır. Belçikalı (əslində isə fransız) deputatlar bununla fransalı həmkarlarının (Fransa Senatının və Fransa Milli Assambleyasının üzvlərinin) məlum səhvini təkrarlamış oldular.

Onlar bu addımları ilə ədalətin və beynəlxalq hüququn yanında yox, yalanın və siyasi əxlaqsızlığın tən ortasında yer aldıqlarını nümayiş etdirdilər. Belçika parlamentariləri bu qətnaməni qəbul etməklə beynəlxalq hüququn müddəalarına, o cümlədən BMT-nin Azərbaycanın Qarabağ ərazilərinin erməni silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı məlum dörd qətnaməyə tüpürdüklərini heç də gizlətmirlər.

Nəzərə alsaq ki, Belçika dünyada Fransadan sonra ikinci fransızdilli ölkə sayılır və onu da nəzərə alsaq ki, Belçikanın siyasi elitası Avropa Birliyində Fransanın xüsusi rola malik olması ilə hesablaşır, o zaman Belçika Parlamentinin Fransa Senatının və Milli Assambleyasının nəyə görə unison addım atmasının səbəbi aydın olar. Ermənipərəst siyasi xəttin yürüdülməsi hər iki ölkənin xarici siyasətində əsas prioritetlərdən birinə çevrilib. Belçika parlamentindəki bütün siyasi partiyaların yığışıb birgə hazırladığı qətnamə layihəsində “Azərbaycanın Qarabağdakı yeni düşmənçiliyi” ifadəsinə yer verməsi də bundan irəli gəlir. Onlar nahaqqı qoyub, haqqı qovurlar. Onlar Ermənistanın 30 il ərzində bizə qarşı işğalçı siyasət yürütmələrini görməzdən gəlib, əksinə, bizi ermənilərə qarşı düşmənçilik etməkdə ittiham edirlər.

Bu qondarma qanun layihəsində Belçika hökuməti belçikalı parlamentarilər tərəfindən “müharibədən zərər görən ermənilər”ə kömək etməyə, “müharibə cinayətləri”ni izləməyə və atəşkəs rejimini qorumaq üçün bir sıra tədbirlər görməyə çağırılıb. Onlar biraz da irəli gedərək, həmçinin “Dağlıq Qarabağda yaşayan ermənilərin öz müqəddəratını təyinetmə hüququ”na hörmət edən bir sülh müqaviləsinin müzakirəsini tələb ediblər. Eyni zamanda Türkiyənin də Dağlıq Qarabağdakı qarşıdurmada “mənfi rol” oynadığını həyasızcasına iddia ediblər.

Əslində, Belçikadan bu cür “ikili standartlar”a söykənən mövqe gözləmək mümkün idi. Çünki Belçika da Fransa kimi ermənilərdən geosiyasi təzyiq vasitəsi kimi istifadə etməyə qərar verib. Biz Belçika parlamentarilərinin Azərbaycana və Türkiyəyə qarşı bu cür ədalətsiz mövqeyini qətiyyətlə pisləyirik!

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir