Fransa tarix boyu həmişə şərin yanında dayanıb

Fransa prezidenti Emmanuel Makronun erməni icmasının nümayəndələri ilə görüş zamanı söylədiyi fikirlər bir daha bu ölkənin ATƏT-in Minsk Qrupunun həmsədri kimi vasitəçilik missiyasına sadiq olmadığını, tərəfkeşliyə və təəssübkeşliyə yol verərək işğalçı Ermənistanı dəstəklədiyini, Azərbaycana qarşı qərəzli mövqe tutduğunu təsdiqləyir. 44 gün davam edən İkinci Qarabağ müharibəsi zamanı Makronun verdiyi qərəzli açıqlamalar, göstərdiyi haqsız təzyiqlər onsuz da Fransa prezidentinin ermənipərəstliyinə heç bir şübhə yeri qoymamışdı. Bu isə açıq-aşkar münaqişənin nizamlanması prosesində vasitəçilik edən bir ölkənin tutmalı olduğu ədalətli və neytral mövqeyə, beynəlxalq hüququn prinsiplərinə zidd idi.

Lakin Makronun hərəkətləri isə onu göstərdi ki, Fransa üçün “beynəlxalq hüquq” anlayışı yoxdur. Makronun tutduğu hazırki mövqe, onun Cənubi Qafqazda sülhün bərqərarar olmasında maraqlı olmadığını göstərir. Odur ki, biz 10 noyabr üçtərəfli atəşkəs razılaşmasının imzalanmasından sonra Fransanın sülhü dəstəkləməməsinə, Makronun hərbi əməliyyatların dayanmasını təqdir etməməsinə görə əsla təccüblənməməliyik. Əksinə, biz Fransa rəhbərliyinin və parlamentarilərinin bütün vasitələrə əl ataraq Qarabağdakı ermənilər üçün “status” məsələsini gündəmə gətirmək cəhdlərini müşahidə edirik. Fransa bununla öz geosiyasi maraqlarını təmin etməyə çalışır. Çünki bu dırnaqarası “sülhsevər” Fransadır. Dünyanın bir çox nöqtələrində qan tökmüş, soyqırımı törətmiş Fransadır.

Bir müsəlman torpağında – Əlcəzairdə kütləvi insan qırğınları törədən Fransadan, başqa bir müsəlman ölkəsinin – Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək cəhdlərinə münasibətdə ədalətli mövqe gözləmək sadəlövhlük olardı. Fransa tarix boyu həmişə şərin yanında dayanıb. Makronun bu gün tutduğu ermənipərəst və anti-Azərbaycan mövqeyi də bir daha bu acı həqiqəti təsdiqləyir. Zənnimcə, məhz bu cür ədalətsiz mövqeyinə görə, Fransanı həmsədr statusundan məhrum etmək, Makronu isə Ermənistanın rəsmi vəkili təyin etmək lazımdır. BMT və ya ATƏT Makronu belə bir mandatla mükafatlandırsa, bu erməniləri də xoşbəxt edərdi. Zatən Makron onsuz da özünü fransızların siyasi lideri kimi yox, ermənilərin mandatsız vəkili kimi aparır. Çünki bizim məşhur şairimiz Qabil demişkən, Makronun yeri səhv düşüb.

​Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir