Onlar müharibə əsirləri sayıla bilməz,onlar terrorçudurlar- Əlisahib Hüseynov

Qarabağımızda qalmaqda davam edən erməni terror dəstələri və Ermənistan silahlı qüvvələrinin qalıqları ilə bağlı atacağımız addımların konturları artıq cızılır.

Eləcə də Xankəndi, Xocalı və Xocavənddə yurisdiksiyamızın, suverenliyimizin bərqərar olunacağı vaxt get-gedə dəqiqləşir. Belə bir qənaətə gəlməyimizə Prezident İlham Əliyevin bu günlərdə qardaş Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarı qəbul edərkən söylədiyi çox önəmli bir fikir imkan verir. Belə ki, dövlətimizin başçısı 10 noyabr Bəyanatından sonra Qarabağda əsir götürülən erməni silahlılarının hərbi əsir yox, terrorçu olduqlarını və dövlətə qarşı silahlı cinayətə yol vermələrinə, təxribat əməlləri törətmələrinə görə məsuliyyətə cəlb olunacaqlarını nəzərdə tutaraq bildirdi ki, “onlar müharibə əsirləri sayıla bilməz, onlar terrorçudurlar”. 

Bu qısa və konkret açıqlamanı “i” hərfinin üzərinə nöqtə qoyulması və hazırda Dağlıq Qarabağ bölgəmizi tərk etmək istəməyən erməni silahlılarına hökm oxunması kimi qəbul edə bilərik. Hazırda Ermənistanı idarə edən şəxslərdə zərrə qədər də olsa sağlam təfəkkür varsa, onlar Azərbaycan Prezidentinin bu bəyanatını, bu xəbərdarlığını çox ciddi mesaj kimi qəbul etməli və tez bir zamanda Qarabağdan erməni silahlılarını çıxarmağa başlamalıdırlar. Əks təqdirdə, sözügedən erməni silahlılarını və terrorçularını olduqca acınacaqlı aqibət gözləyir. Azərbaycan antiterror əməliyyatı keçirərək öz ərazilərini terorçu ünsürlərdən təmizləyəcək. Əməliyyat zamanı ələ keçən erməni silahlıları ilə isə hərbi əsir kimi yox, terrorçu kimi, cinayətkar kimi rəftar ediləcək. 

Prezident İlham Əliyev bu günlərdə xalqa müraciətində də birmənalı şəkildə bildirdi ki, ermənilər təxribatlara davam etsələr, daha ağır formada cavab alacaqlar. Artıq Azərbaycan tərəfinin ermənilərə güzəşt limiti bitib. Gerisini isə Paşinyan və digər erməni başbilənləri fikirləşsinlər. Dağlıq Qarabağ ərazisi erməni terror dəstələrindən təmizləndikdən sonra Xankəndi, Xocalı, Xocavəndin aqibəti ilə bağlı qeyri-müəyyənliklərə də son qoyulacaq. Bu şəhərlərimizdə Azərbaycanın suverenliyi bərpa ediləcək, rəsmi dövlət qurumlarımız tərəfindən gərəkən inzibati-hüquqi addımlar atılacaq. 


Əlisahib Hüseynov –
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir