“Zaman İlham Əliyevin böyük siyasət üçün doğulmuş şəxsiyyət olduğunu təsdiqlədi”

2020-ci ilin başa çatmasıyla, həm də Prezident İlham Əliyevin böyük siyasətə gəlişinin, onun Azərbaycanın dövlət başçısı sükanının arxasına keçməsinin 17-ci ili tamamlanmış oldu. Düz 17 il bundan əvvəl Azərbaycanın gələcək taleyinə görə məsuliyyəti öz çiyiinləri üzərinə götürəndə İlham Əliyevin cəmi 42 yaşı vardı. Əlbəttə, bu böyük və ağır məsuliyyət onun üzərinə cavan yaşlarında düşmüşdü. Xatırlayırsınızsa, həmin vaxt bir çoxları Azərbaycan kimi mürəkkəb kataklizmlərdən keçməkdə olan bir ölkəni Heydər Əliyev kimi nəhəng siyasət qrossmeyestrindən sonra kimsənin hələm-hələm asan idarə edə bilməyəcəyini, ölkəmizdə çoxlu təlatümlü proseslərin baş verəcəyini düşünür və proqnozlaşdırırdılar.


Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov bildirib.


Partiya sədrinin sözlərinə görə, həmin şəxslər eynilə gənc prezident İlham Əliyevin də ölkəni uğurla idarə edəcəyinə şübhə ilə yanaşdıqlarını gizlətmirdilər. Bu bədxah şəxslər içlərindən gələn xain sevinc hissləri ilə gənc dövlət başçısının tezliklə uğursuzluqla üzləşəcəyini xüsusi səbrsizliklə gözləyirdilər. Lakin zaman və reallıqlar onların bütün qara proqnozlarını boşa çıxardı, ümidlərini isə puç etdi. İlham Əliyev onları sevindirmədi. O, atasının layiqli davamçısı olduğunu və uğurlu siyasətçi obrazını təqdim etməyi bacardı. Böyük Siyasət Ustasının oğlu Zamanın çağırışı və xalqın seçimi ilə ona həvalə olunan bu şərəfli Missiyanın öhdəsindən heyrətamiz dərəcədə ustalıqla və uğurla gəldi. İlham Əliyev Ulu Öndərimizin vaxtilə müdrik uzaqgörənliklə ona göstərdiyi etimadı doğrultdu:


“Ulu Öndərin həmin vaxt İlham Əliyev haqqında söylədiyi o sözləri yəqin ki, hər kəs xatırlayır: “Mən ona özüm qədər inanıram”. Bu həqiqətən də çox böyük etimad idi və bu etimadı şərəflə, ləyaqətlə, üz ağlığı və alın açıqlığı ilə doğrultmaq heç də asan deyildi. Bu etimadı doğrultmaq üçün müstəsna keyfiyyətlərə malik olmaq lazım idi və o keyfiyyətlər İlham Əliyevdə öz təcəssümünü tapmışdı, cəmləşmişdi. Ulu Öndər gələcəyin böyük siyasətçisində – İlham Əliyevdə sezdiyi, müşahidə etdiyi bu keyfiyyətləri çox dəqiq ifadə etmişdi: “O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsdir”. Ulu Öndər bu fikirlərini 19 il bundan öncə dilə gətirmişdi. Bu fikirlərdə qeyd olunan xarakterik cizgilər, keyfiyyətlər böyük siyasətdə öz layiqli yerini tutmaq və uğur qazanmaq üçün “olmazsa olmaz” sayılan vazkeçilməz tələblər, kriterlər idi. Bu keyfiyyətləri özündə formalaşdıran, daşıyan İlham Əliyev böyük siyasətə inamla daxil oldu. Türkiyənin mərhum Baş naziri Məsud Yılmaz vaxtilə özünün siyasətə gəlişini obrazlı dillə belə ifadə etmişdi: “Mən mokasin ayaqqabılarımı geyinib böyük siyasətə gəlirəm”. İlham Əliyev isə Ulu Öndərin uzaqgörənlik qeyd etdiyi peşəkar keyfiyyətlərlə silahlanaraq böyük siyasətə gəldi”.


Zaman İlham Əliyevin məhz böyük siyasət üçün doğulmuş şəxsiyyət olduğunu təsdiqlədi. Siyasət qrossmeyestrinin oğlu olan İlham Əliyevin özü də bir müddət sonra yeni dövrün siyasi qrossmeyestrinə çevrildi. Onu “İdarəetmənin qrossmeyestri” kimi qiymətləndirənlər də var. Xatırlayırsınızsa, İlham Əliyev prezident seçildiyi ilk gündən hər bir azərbaycanlının prezidenti olacağına söz vermişdi. O, bu sözünü tutdu, bu vədinə əməl etdi. Və bu vədin yerinə yetirilməsinin ən son akkordu isə İkinci Qarabağ müharibəsindəki müzəffər Qələbəmiz oldu. Adı tariximizə islahatçı lider kimi yazdırmış İlham Əliyev Qarabağın mənfur erməni işğalçılarından azad edilməsi ilə nəticələnən Vətən Müharibəsinin gedişində Ordumuza uğurla sərkərdəlik etməsi ilə ən yeni tariximizin 17 illik dönəmini möhtəşəm bir sonluqla – Zəfər Paradı ilə qapatmış oldu. Beləliklə, Vətən Müharibəsindəki şanlı Qələbəmiz yeni Azərbaycanın doğulmasına yol açdı. Yeni Azərbaycanın memarı missiyası da heç şübhəsiz ki, İlham Əliyevin üzərinə düşür:


“Mən bu yazımda Prezidentimizin həyat yolunun mərhələlərini və 17 illik prezidenrlik dönəminin uğurlarını xronoloji ardıcıllıqla və bütün detalları ilə sadalamaq istəmirəm. Razılaşarsınız ki, bu böyük ömrün bütün akkordlarını qeyd etmək və izahını vermək üçün bir yazı bəs etməz. Mən diqqətimizi məhz İkinci Qarabağ müharibəsi üzərində fokuslamaq istəyirəm. Nədən, niyə və nə üçün? Çünki 44 günlük müharibədəki Zəfər İlham Əliyevin 17 illik gərgin fəaliyyətinin məntiqi yekunu və həm də şah əsəridir. Əgər biz “İlham Əliyevin Prezidentlik dövrünü necə səciyyələndirmək olar?” sualını cavablandırmalı olsaq, “İlham Əliyev Qarabağın xilaskarıdır”,- deyib, bircə cümlə ilə də söhbətə nöqtə qoya bilərik. Bu mənada, Qarabağın işğaldan azad edilməsi onun bütün 17 illik prezidentlik dövrünü səciyyələndirməyə, qiymətləndirməyə bəs edir. Azərbaycan Prezidenti Qarabağın işğaldan azad edilməsi uğrunda 17 il ərzində sistematik şəkildə, məntiqi ardıcıllıqla apardığı gərgin diplomatik-siyasi mücadilənin yekun nöqtəsini (daha doğrusu “!”-nı) məhz2020-ci ildə qoymağı qərara aldı”.


Ə.Hüseynov qeyd edib ki, zaman planlaması da tamamilə düzgün seçilmişdi. Dünyadakı və bölgədəki geopolitik proseslərin bütün şərtləri bizim üçün əlverişli məcrada cərəyan etdiyi bir zaman kəsimində başladı 27 sentyabr əks-hücum əməliyyatımız. Və beləliklə, 2020-ci il 30 illik (əslində 200 illik) tarixçəsi olan yeni “Qordi düyünü”nün – Qarabağ münaqişəsinin həllinə öz damğasını, möhürünü vurdu. İlham Əliyevin sərkərdəlik etdiyi, Ali Baş Komandanı olduğu yenilməz Azərbaycan Ordusu “Dağlıq Qarabağ münaqişəsi” anlayışını və məkrli “status kvo” siyasətini tarixə gömdü, cəhənnəmə göndərdi. Beləliklə, 200 ilin probleminin həllini öz içinə sığdıran bir ilin canlı şahidləri olduq. Çingiz Aytmatovun məşhur “Əsrə bərabər gün” romanının adında ehtiva olunduğu kimi İlham Əliyev 2020-ci ili əsrə bərabər ilə çevirməyi bacardı. Açığı, heç kəs bu möcüzəvi hadisənin məhz 2020-ci ildə baş verəcəyini və məhz 44 günə tamamlanacağını gözləmirdi. Bunun da heç şübhəsiz ki, ən müxtəlif obyektiv-subyektiv səbəbləri və izahı var:


“Tarixi həqiqətlərə ekskurs etsək görərik ki, İlham Əliyev İkinci Qarabağ müharibəsində Bismarkın prinsipi ilə hərəkət etdi. Tarixçilər yaxşı bilirlər, Oto fon Bismark dağınıq və işğal altında olan alman torpaqlarını hərb yoluyla birləşdirməyə hazırlaşarkən, belə bir dahiyanə strategiyadan çıxış etmişdi: “Gəlin biz əvvəlcə torpaqlarımızı alaq, birləşdirək, ondan sonra nəyi səhv, nəyi düz etmişik, bunu isə tarixçilərin öhdəsinə buraxarıq, onlar özləri düzgün qiymət verərlər”. İlham Əliyev də dünyada bizim ədalətli müharibəmizə kimin obyektiv, kimin qərəzli yanaşacağını öncədən hesablasa da, lakin bunu ciddi problemə çevirməməsi ilə, tərəddüdlərə yol verməməsi ilə tamamilə düzgün mövqe seçmiş oldu. 44 gün ərzində erməni lobisinin satın aldığı dünya KİV-lərinin, Sorosun beynəlxalq miqyasda aktivləşmiş təsir agentlərinin, “qara piar” şəbəkəsinin, Rusiya mətbuatında və ekspert camiəsində kök salmış ermənipərəst “lakey”lərin və Fransa prezidenti Emmanuel Makronun Azərbaycana qarşı təşkil etdikləri total “feyk-informasiya” hücumunun və qaralama propaqandasının bütün gücünə və həyasızlığına rəğmən Azərbaycan Prezidenti bir an belə olsun tərəddüd etmədi və tutduğu prinsipial mövqeyindən geri çəkilmədi. Ordumuz qarşıya qoyulmuş ülvi məqsədi həyata keçirmək üçün sona qədər qətiyyət və əzmkarlıq göstərdi, düşmənin başı Azərbaycan Ordusu, Azərbaycan Xalqı və Azərbaycan Liderinin birliyindən ərsəyə gələn “Dəmir Yumruq”la əzildi”.


Amma “Dəmir Yumruğ”umuzun düşmənin başına enməsindən öncə olduqca ilginc proseslər yaşanmışdı. Nikol Paşinyanın məqsədyönlü təxribatlarıı nəticəsində başlamış İkinci Qarabağ müharibəsi ermənilərin özüyçün tamamilə gözlənilməz, bizim üçünsə gözlənilən idi. Birinci Qarabağ müharibəsinin nəticələrindən və Paşinyan-Tonoyan cütlüyünün “yeni işğal, yeni ərazilər” kimi sərsəm planlarından sərməst olmuş erməni ictimaiyyəti reallıq hissini tamamilə itirmişdi. Sıravi ermənilərdən tutmuş Ermənistan dövlətinin cari siyasətini formalaşdıran rəhbər şəxslərə qədər, düşmən ölkədə hər kəs uydurma “tarix” havası ilə, “Böyük Ermənistan” xülyası ilə və bir-birindən sərsəm miflərlə yaşayırdı. Məkr və şər yuvası olan erməni kilsə institutu bir yandan, “Daşnaksütyun” ideoloqları və “Njdeizm” faşist ideologiyası digər yandan istər Ermənistan ermənilərinin, istər bizim Qarabağ bölgəmizdə yuva salmış separatçı erməni icmasının, istərsə də dünya erməni diaspor fəallarının beyinlərini tamamilə “yumuş” və miflərlə zəhərləmişdilər. Həmin uydurma miflər aşağı-yuxarı bütün ermənilərə erməni xalqının “böyük”lüyünü, Ermənistan ordusunun “məğlubedilməz”liyini, Qarabağın bir daha heç vaxt Azərbaycana qaytarılmayacağını, erməni xalqının “ən qədim” və “ən mədəni xalq” olduğunu təlqin etmiş və ermənilər də bütün bu yalanlara, uydurmalara, həyasız “nağıl”lara inanmışdılar. Daha doğrusu, inandırılmışdılar. Erməni cəmiyyəti bu miflərin sayəsində total şəkildə zombiləşdirilmişdi. Bütün ermənilər türkofobiya mərəzinə yoluxdurulmuşdulər. Anti-Türkiyə və anti-Azərbaycan siyasəti son 30-32 il ərzində bir-birini əvəz edən bütün erməni siyasi elitaları üçün, müharibə canisi sayılan Ermənistan liderləri üçün ənənəvi normaya çevrilmişdi. Başqa sözlə desək, ölkənin birinci şəxslərindən tutmuş taksi sürücülərinə və idmançılara qədər, bütün Ermənistan cəmiyyəti “xəstələnmişdi”, işğalçı xalq psixolojisinə köklənmişdi, “Miatsum” planının əsirinə çevrilmişdi:


“Lakin bu xəstə cəmiyyəti durdurmaq, bu işğalçı psixologiyanı tarmar etmək, bu mifləri dağıtmaq və ermənilərin gerçək üzünü, faşist-vandal xislətini açıb bütün dünyaya göstərmək lazım idi. Necə deyərlər, erməni xalqının eyiblərini, eybəcərliklərini və yalan üzərində formalaşdırılmış obrazını qüsursuz şəkildə örtən, örrt-basdır edən maskanı yırtmağın zamanı nəhayət ki, yetişmişdi. Bu mühüm tarixi missiya da məhz İlham Əliyevin üzərinə düşdü. İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında açıq debatdakı üstünlüyü və “Valday” Diskussiya Klubunun forumundakı parlaq çıxışı ilə başlayan, MDB dövlət başçılarının Aşqabad sammiti ilə Njdeizmin ifşası ilə davam etdirilən və nəhayət 44 günlük müharibə dönəmində dünyanın ən nüfuzlu KİV-lərinin nümayəndələrinə verdiyi müsahibələri və açıqlamaları ilə yekunlaşan informasiya savaşı 200 il ərzində uydurulmuş, araya-ərsəyə gətirilmiş erməni miflərinin tamamilə dağıdılması, tarixin zibilliyinə gömülməsi ilə nəticələndi. Lap açıq və loru dillə desək, İlham Əliyev erməni xalqının üzündəki maskanı cırıb dünya ictimaiyyətinin ayaqları altına atdı. Azərbaycanın dövlət başçısı Fransa prezidentindən tutmuş BBC-nin davakar müxbirinə kimi hər kəsə göstərdi ki, buyurun, sizə mədəni millət kimi sırınmış və sizin də bizə mədəni millət kimi təqdim etməyə çalışdığınız ermənilər 30 ilə yaxın müddətdə işğal altında saxladıqları torpaqlarımızda tarixi, mədəni və dini abidələrimizi dağıdıblar, Ağdamı “ikinci Xirosima”ya və ya “Ruhlar şəhəri”nə çeviriblər, Füzulini yarımsəhra vəziyyətinə salıblar, ümumən, bütün Qarabağda daşı daş üstə qoymayıblar. Bir sözlə, İlham Əliyev Qarabağdakı erməni vandalizminin dəhşət-vəhşət saçan qorxunc nəticələrini mədəni Qərbin, beynəlxalq təşkilatların üzünə çırpdı. Azərbaycan Prezidenti dünyanı fakt qarşısında qoydu. Danılması, inkar olunması, görməzdən gəlinməsi mümkün olmayan əlahəzrət fakt qarşısında!”


İlham Əliyev erməni yalanlarına inanmış dünya ictimaiyyətini məcbur etdi ki, qədim erməni mədəniyyətinin əslində mövcud olmadığı həqiqətini qəbul etsin. Beləliklə, ermənilərin “mədən millət” obrazı dünyanın gözü qarşısında karton evcik kimi dağıldı, sabun köpüyü kimi yox oldu. Miflər yerlə-yeksan edildi. Və bir daha qeyd etməyi vacib hesab edirəm ki, bu prosesdə həlledici rolu məhz İlham Əliyev oynadı. Bəli, söhbət, ilk növbədə, liderin həlledici rolundan gedir. İlham Əliyevin müharibə günlərində nümayiş etdirdiyi praqmatizm, çevik qərarlar və ağıllı taktiki addımlar, sistemli və ardıcıl yanaşma, uzaqgörənlik və prinsipiallıq, yüksək idarəçilik və sərkərdəlik məharəti – bax, bütün bunlar dövlət başçımıza Vətən Müharibəsinin gedişində Azərbaycanın milli maraqlarını yüksək səviyyədə qoruması və təmin etməsinə imkan verdi. Müharibənin gedişi və qazanılan Zəfər bir daha sübut etdi ki, dövlət başçımız Azərbaycanı zamanın çağırışlarına və müasir müharibə reallıqlarına tam məharətlə uyğunlaşdıra bilib:


“Bu bir danılmaz həqiqətdir ki, Şah İsmayıl Xətai və Nadir şahdan sonra Azərbaycan heç vaxt tarixdə bu qədər güclü dövlət olmayıb. Bunu bütün tarixçilərimiz də etiraf edir və təsdiqləyirlər. Yəni ki, bu fikir hansısa diletantın uydurması və xəyalının “məhsul”u deyil. Təcrübə göstərdi ki, ermənilər və onların rəhbərliyi, eləcə də xaricdəki erməni diasporası, erməni lobbistləri Birinci Qarabağ müharibəsindən sonra işğalçı uğurlarından yaranmış eyforiyanın sərməstliyini yaşayarkən, İlham Əliyev isə 17 il ərzində ardıcıl şəkildə ölkənin hərbi potensialını artırmaqla, peşəkar ordu quruculuğu ilə məşğul oldu. Ordumuz bütün beynəlxalq göstəricilərinə görə bu illər ərzində dünyanın ən güclü orduları səviyyəsinə yüksəldi. Nəticələr də göz önündədir. İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun göstərdiyi yüksək döyüş performansı bu günləri dünyanın bütün hərbi qurumları tərəfindən təqdir edilir və öyrənilir. Hətta ABŞ ordusu və NATO da Ordumuzun 44 günlük savaşın gedişində istifadə etdiyi döyüş taktikalarını, relyef şəraitinə uyğun çevik manevr qabiliyyətini, psixoloji üstünlük imkanlarını, ən son hərbi texnologiyaların uğurlu tətbiqatını müsbət nümunə kimi təqdim edir. Bu, Azərbaycan kimi gənc ölkə və Azərbaycan Ordusu kimi gənc bir ordu üçün həqiqətən də misilsiz uğurdur, inanılmaz nailiyyətdir”.


Dünya hərb tarixində bu cür istisna hallara az-az təsadüf etmək mümkündür. İndiyə qədər tarixdə cəmi bir neçə ölkə çox qısa müddətdə öz gücünü, iqtisadi resurslarını, insan potensialını toparlayıb və qalib ordu qurmağa müvəffəq olub. Məsələn, keçmiş Sovetlər İttifaqı Hitler Almaniyasını darmadağın edən belə bir ordunu 20 ilə qurmuşdu. Həmçinin, İsrail də təxminən elə o qədər müddət ərzində olduqca güclü bir ordu qurmağı bacarmışdı. Məşhur “Altı günlük müharibə” zamanı birləşmiş ərəb ordularının (Misir, Suriya və İordaniya orduları) İsrail ordusu tərəfindən tamamilə darmadağın edilməsi buna əyani sübutdur. Azərbaycan isə daha qısa zaman çərçivəsində dünyanın ən müasir silahlarla təchiz olunmuş, ən yaxşı təlim görmüş ordularından birini qurmağa nail oldu. Bu isə ilk növbədə məhz İlham Əliyevin xidmətinin nəticəsidir. Bu günkü güclü və müasir Ordumuz İlham Əliyevin əsəridir. İlham Əliyevin qurduğu Ordu 2020-ci ili bütün dünya azərbaycanlıları üçün, bütün Türk Dünyası üçün “Qarabağ ili”nə çevirməyi bacardı.


Eyni zamanda, 44 günlük Vətən Müharibəsi Xalq-Dövlət-Ordu-Lider birliyinin daha bir bariz nümayişini ortaya oldu. Bir tərəfdən igid əsgər və zabitlərimiz ön cəbhədə bir an belə tərəddüd etmədən bir əlində bayraq, bir əlində silah tutaraq düşmənin üzərinə yürüdü, torpaqlarımızı addım-addım düşməndən azad etdi. Digər tərəfdən isə arxa cəbhədə bütün xalqımız və siyasi qüvvələrimiz sözün həqiqi mənasında dəmir yumruq kimi birləşdi, Ordumuza və Dövlətimizə dəstək oldu. Biz bir daha milli birliyin, həmrəyliyin necə böyük xariqələr yaratdığını gördük. Bu prosesdə birləşdirici qüvvə rolunda, istiqmətverici rolda, mediator rolunda isə məhz cənab Ali Baş Komandanımız çıxış edirdi. Hətta dünənə kimi qatı müxalifətçi mövqeyindən çıxış edən siyasi partiyalar da iqtidaryönümlü partiyalarla birlikdə müharibə günlərində bir araya gəldilər, birgə bəyanat imzaladılar və Ali Baş Komandanımıza, Şanlı Ordumuza dəstək nümayiş etdirdilər. Bu da İlham Əliyevin ən böyük uğurlarından biri idi. Mənfur düşmənin başını əzməyə nail olmaq, Qələbəyə imza atmaq üçün öz siyasi rəqiblərini də eyni hədəf uğrunda birləşdirə bilmək bir siyasi Lider üçün həqiqətən də parlaq uğur sayıla bilər.


Ancaq İlham Əliyevin missiyası hələ bitməyib. O, bir sərkərdə kimi, Ali Baş Komandan kimi 44 günlük savaş sayəsində 30 illik işğal tariximizi Zəfər tariximizə çevirməklə tarix yazsa da, lakin qurucu lider kimi də onun üzərinə çox böyük bir vəzifə düşür. Belə ki, Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş şəhər və kəndlərimizdə böyük quruculuq və bərpa işləri aparılmalıdır. Erməni vandallarının çəyirtkə kimi, səlibçilər kimi gəlib keçdikləri və viranə qoyduqları əraziləri yenidən qurmaq, ora həyat və sivilizasiya gətirmək lazımdır. Biz əminik ki, dövlət başçımız yenə də milli birliyimizə və həmrəyliyimizə söykənərək, “Qarabağa qayıdış” layihəsini uğurla həyata keçirməklə buna nail olacaq. Prezident İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalaması da elə bu məqsədə xidmət edir:


“Mən yazımın sonunda bütün diqqətləri “realistik nəzəriyyə”, “siyasi realizm” kimi istilahların müəllifi, məşhur amerikalı politoloq və diplomat Hans Morgentaunun bütün dünya siyasətçilərinin və ekspertlərin stolüstü kitabına çevrilmiş “Politics Among Nations. The Struggle for Power and Peace” (“Millətlər arasındakı siyasi münasibətlər. Hakimiyyət və sülh uğrunda mübarizə”) kitabının əsas məğzinə, ana xəttinə yönəltmək istəyirəm. Morgentau yazırdı ki, “beynəlxalq münasibətlər ideallıqdan tamamən uzaq olduğuna görə, hazırda beynəlxalq siyasət hər dövlətin öz millətinin gücünün artırılması, digər millətlərin gücünün zəiflədilməsi prinsipinə söykənir”. Maraqlıdır ki, amerikalı strateq-nəzəriyyəçinin hələ 40-cı illərdə müşahidə və xarakterizə etdiyi dünya siyasətindəki bu çılpaq həqiqət bu gün də öz qüvvəsini saxlamaqdadır və keçərlidir. Hazırki geopolitik proseslərə diqqət etsək, əksər dövlətlərin bir-birinə qarşı münasibətdə məhz Morgentaunun qeyd etdiyi prinsipdən çıxış etməsinin şahidi olarıq. İxtisasca diplomat olan və böyük siyasi təcrübə məktəbi keçmiş İlham Əliyev də çeşidli beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in Minsk Qrupunun turist-diplomatlarının 28 il ərzində Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla çözülməsi istiqamətində real addımlar atmayacağını vaxtında hiss edərək, Morgentaunun prinsipini əməli surətdə tətbiq etməyə başladı. O, bir tərəfdən sülh danışıqlarının məramına sadiq qalaraq Ermənistanla danışıqları ardıcıl olaraq davam etdirdi, digər tərəfdən isə düşməni blokadada saxlayaraq Azərbaycanın iqtisadi cəhətdən inkişaf etdirilməsi və hərbi gücünün artırılması üçün sistemli iş apardı. Beləliklə, 17 illik sistemli və planlı fəaliyyətin nəticəsi olaraq Azərbaycanın gücü bütün parametrlər üzrə Ermənistanın gücünü ölçüyəgəlməz dərəcədə üstələməyə başladı. Bu isə qalibiyyətli müharibə üçün ən etibarlı zəmin idi”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir