Partiya sədrindən ciddi irad: “Qubad İbadoğlu iqtisadçılıqla yox, təxribatçılıqla məşğul olur”

“İqtisadçılar siyasətə qarışmalıdırmı, siyasi fəaliyyətlə məşğul olmalıdırmı? Ana Yasamız (Konstitusiyamız) əqli problemləri olmayan və 18 yaşına çatmış hər kəsə, hər bir vətəndaşa siyasi proseslərə qoşulmağa, siyasi təşkilatlara üzv olmağa, siyasi fəaliyyətlə məşğul olmağa icazə verir. Bu, hər bir vətəndaşımızın müstəsna hüququdur”.

MediaBaku.az.az xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. O, bildirib ki, ölkə siyasətində fəal mövqe tutmaq istəyən şəxslərə heç bir qadağa qoyula bilməz:

“Lakin elə şəxslər də var ki, onlar ilk başdan qərəzli, qeyri-obyektiv mövqe tutmaqla öz siyasi fəaliyyətinin cəmiyyət üçün, ölkə üçün faydalılıq əmsalını əhəmiyyətli dərəcədə azaltmış olurlar. Qubad İbadoğlu da belə siyasətçilərdəndir. Əlbəttə, əgər ona siyasətçi demək caizdirsə. Çünki bu adam gah iqtisadçı ekspert kimi, gah da siyasi ekspert kimi açıqlamalar verir, Azərbaycanla bağlı bu və ya digər məsələlərə münasibət bildirir. Amma nə iqtisadçı kimi, nədəki siyasətçi kimi cəmiyyəti yarıtmır. Şəxsən məni onun iqtisadçı mövqeyi əsla qane etmir. Çünki bu iqtisadçı Azərbaycan iqtisadiyyatı haqda nüfuzlu Dünya Bankının, Dünya İqtisadi Forumunun çoxsaylı və peşəkar iqtisadçılarının, analitiklərinin hazırladıqları hesabatlarla razılaşmaq istəmir və qərəzli fikirlər yayır”.

MHP sədri qeyd edib ki, Dünya Bankının “Doing Business” proqramında 190 ölkə arasında Azərbaycanın 28-ci yeri tutması heç kəsin inkar edə bilməyəcəyi bir həqiqətdir, danılmaz faktdır:

“Amma Qubad İbadoğlu isə hətta buna da hansısa don geyindirməyə, kölgə salmağa çalışır. Zənnimcə, obyektiv iqtisadçı heç vaxt bu cür qərəzli mövqe tuta bilməz və ya tutmaq istəməz. Qubad İbadoğlu isə hazırki məqamda iqtisadçılıqla yox, təxribatçılıqla məşğul olur, həqiqətləri təhrif edir, “feyk xəbər” prinsipindən çıxış edərək cəmiyyəti yanlış məlumatlandırır. Cəmiyyətin isə siyasiləşən iqtisadçılara yox, obyektiv və peşəkar iqtisadçılara ehtiyacı var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir