“Ermənilər Şuşanı bundan sonra yalnız yuxularında görə bilərlər”

Şanlı Ordumuz 2020-ci il noyabrın 8-də Şuşanı mənfur erməni işğalından azad edəndə və üstündən iki gün keçəndən sonra, 10 noyabrda Ermənistanın baş naziri kapitulyasiya reallığı ilə barışıb üçtərəfli Bəyanatı imzalayanda elə zənn etmişdik ki, bununla da müharibə qurtardı, vəssalam, indi ermənilər ağıllarını başlarına yığıb özlərini yeni şəraitə və şərtlərə uyğun olaraq aparacaqlar.

Ancaq bu cür düşünməkdə tələsmişik. Müharibə hələ bitməyib. Daha doğrusu, müharibənin hərbi əməliyyatlar fazası bitsə də, lakin Azərbaycana qarşı informasiya savaşı, qərəzli təbliğat müharibəsi, “feyk-xəbər” kampaniyası hələ indi vüsət almağa başlayır.

Xüsusən də Şuşa şəhəri ilə bağlı düşmənin başlatdığı isterika, uydurma iddialar, tarixi saxtalaşdırmaq cəhdləri müharibənin yeni fazasının başlandığını göstərir. Şuşanı işğaldan azad etməyimiz ermənilərin belini qırıb, onlara ağır psixoloji travma yaşadıb deyə, nə Ermənistan rəhbərliyində təmsil olunan bir sıra şəxslər, nə Robert Köçəryan, Serj Sərkisyan, Seyran Ohanyan kimi Xocalı qatilləri, nədəki xaricdəki erməni lobbisi Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etməsi faktı ilə heç cürə barışmaq istəmir və bir-birindən sərsəm açıqlamalar verirlər. Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan əsl erməni həyasızlığı nümayiş etdirərək bəyan edir ki, Şuşa “ermənilərin tarixi mədəniyyət mərkəzidir”. Başqa bir xəstə təfəkkürlü erməni isə iddia edir ki, guya, Şuşa bizə elə-belə verilib, döyüşlər getməyib, ermənilər Şuşanı tərk ediblər. “Şuşa alınmayıb, onu elə belə vermişik” ifadəsi erməni sinizminin və saxtakarlığının ən pik nöqtəsi sayıla bilər. Baxın, əgər ermənilər ən yaxın tariximizdə, yəni ki, cəmi 80-85 gün bundan əvvəl baş vermiş gerçək müharibə faktını – Şuşanın açıq döyüş yolu ilə ermənilərdən azad edilməsini bu cür qırmızı-qırmızı danıb inkar edirlərsə, onda biz onların qədim tarixi faktları belə asanlıqla təhrif etmələrinə, saxtalaşdırmalarına əsla təəccüb etməməliyik.

Ermənilərin yaxın tarixi həqiqətləri belə idbar formada təhrif etməsini istər məntiqin gücüylə, istərsə də real dəlil-sübutlarla ifşa etmək əslində elə də çətin deyil. Amma hesab edirəm ki, bütün bu erməni həyasızlıqlarına ən dolğun cavabı ilk növbədə cənab Prezidentimizin özü verdi. Belə ki, Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən çıxışında bu erməni uydurmalarına da münasibət bildirdi və tamamilə haqlı olaraq qeyd etdi ki, bütün bu deyilənlər ağ yalandır!

Gəlin Prezidentin çıxışının həmin hissəsinə birlikdə nəzər salaq: “Şuşa əməliyyatı Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman övladlarımızın əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq. Şuşanı azad edərkən Azərbaycan əsgər və zabiti qəhrəmanlıq, peşəkarlıq, fiziki güc, yüksək milli ruh göstərib. O, Daşaltı istiqamətindən, digər istiqamətlərdən, sıldırım qayalardan qalxaraq, işğalçıları məhv edərək Şuşanı azad edib, demək olar ki, əliyalın, əlində süngü, bıçaq, yüngül silah topa, tanka qarşı vuruşub. Şuşa əməliyyatında yüzlərlə işğalçı məhv edilib, onların sayını biz bilirik. Ermənistan rəhbərliyi bunu nə qədər öz xalqından gizlətsə də, gizlədə bilməyəcək. Şuşanı müdafiə edən yüzlərlə işğalçını Azərbaycanın qəhrəman övladları məhv edib. Necə demək olar ki, Şuşa bizə bağışlanılıb? İkincisi, belə bir şəhəri kimsə kiməsə bağışlaya bilər? Biz Şuşanı qəhrəman övladların rəşadəti, qanı, canı bahasına düşmənlərin əlindən, əsarətindən almışıq”.

Erməni uydurmalarına bundan daha tutarlı əks-arqument ola bilərmi? Ermənilər bu dəmir arqumentin qarşısına heç bir təkzib faktı çıxara bilməzlər. Çünki onların Şuşa uğrunda döyüşlər zamanı verdikləri canlı itkilərinin də sayı, məhv edilmiş döyüş texnikalarının da, ələ keçirilmiş qənimətlərin də sayı ortdadır. Bütün bunları ki dana bilməzlər. Şuşa uğrunda döyüşlərdə yüzlərlə erməni əsgər və zabitləri Ordumuz tərəfindən məhv edilib. Ancaq Ermənistanın keçmiş və indiki rəhbər şəxsləri hətta bu həqiqəti də danmağa çalışsalar, biz buna da əsla heyrətlənmərik. Çünki onların tarixi həqiqətləri necə utanmazcasına saxtalaşdırmalarına, real faktları göz görə-görə danmalarına, artıq adətkərdə olmuşuq, öyrəncəliyik.
Prezident də məhz bu tipik erməni psixologiyasını nəzərə alaraq, onların real faktları inkar etmək cəhdlərini öncədən bloklamaq və sıfırlamaq üçün sözügedən çıxışında bir sıra dəmir məntiqləri ortaya qoyub, gəlmiş-keçmiş bütün erməni liderlərinə əzici suallar ünvanladı. Gəlin həmin sualları da birlikdə nəzərdən keçirək: “Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq. Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər? Bütün bulaqlar quruyub. Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz?”
Baxın, bu suallara nəinki, Ara Ayvazyan, Robert Köçəryan, Serj Sarkisyan kimi terrorçu, işğalçı təfəkkür sahibləri, hətta ən obyektiv erməni tarixçiləri və politoloqları da hər hansı bir tutarlı, əsaslandırılmış cavab tapmaq imkanına malik deyillər. Çünki bu sualların cavabı yoxdur. Bu suallar elə öz-özlüyündə həm də cavabdır. Və bütün ermənilər bu sualların, daha doğrusu, bu “dəmir yumruq”ların qarşısında acizdir. Prezidentin bu sualları ermənilərin başına “dəmir yumruq” kimi dəyir. Dövlət başçımız artıq iki gündür ki, bu sualları səsləndirib. Lakin qarşı tərəfdən isə hələ də heç bir səs-səmir yoxdur. Sanki qurbağa gölünə daş atılıb. Vazgen Manukyandan tutmuş Serj Sarkisyana kimi hamısı susur. Nə deyə bilərlər ki? Axı onların bu sualların qarşısında susmaqdan başqa bir çarələri yoxdur.

Zənnimizcə, Şuşanın işğaldan azadetmə əməliyyatı ilə bağlı əsl həqiqətləri Ermənistanın keçmiş və indiki liderləri erməni ictimaiyyətindən gizlətmək və eyni zamanda bir-biriləri ilə “haqq-hesab çürütmək” üçün bu cür yalanlara, uydurmalara əl atırlar. Məhz bu baxımdan Şuşanın Azərbaycanın qəhrəman XTQ əsgərləri tərəfindən qanlı döyüş əməliyyatları nəticəsində alınmasını etiraf etmək yox, əksinə, hansısa gizli oyunlar, sövdələşmələr hesabına Azərbaycana qaytarılması barədə uydurma iddialarla çıxış etmək hazırda Ermənistanda həm hakimiyyətdə təmsil olunan ayrı-ayrı şəxslərin, həm də revanşist erməni müxalifətinin liderlərinin maraqlarına uyğun gəlir. Necə deyərlər, Ara Ayvazyan kimi, Robert Köçəryan kimi, Serj Sərkisyan kimi, Seyran Ohanyan kimi, Vazgen Manukyan kimi millətçi-şovinistlərin, revanşistlərin hamısının maraqları üst-üstə düşür.

Amma onlar “Şuşa alınmayıb, elə belə verilib” kimi sərsəm bir iddianı, cəfəng fikiri ortaya atmaqla nə Şuşadakı yüzlərlə işğalçını məhv edən Azərbaycanın qəhrəman övladlarının haqqını, nədəki bir Ali Baş Komandan kimi istər Şuşanın, istərsə də bütövlükdə Qarabağın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarına müvəffəqiyyətlə sərkərdəlik etmiş İlham Əliyevin özünün haqqını qəsb edib, bu haqqı oğurlaya bilməzlər. Çünki bu mümkünsüzdür. Faktları və həqiqətləri oğurlamaq mümkün deyil. Bəlkə də dolmanı, lavaşı oğurlayıb, onları zorla “erməniləşdirmək” olar, ancaq tarixi isə heç cürə oğurlamaq olmur. Odur ki, Ermənistanın hazırki siyasi elitası Şuşa üzərindən bu cür iyrənc propaqanda oyunu aparıb onsuz da bədbəxt günə qoyduqları sıravi ermənilərin beyinlərini “yumaq”dan və erməni cəmiyyətini natamamlıq kompleksinə soxmaqdansa, 30 ildir icra etdikləri bu işğalçı, terrorçu, faşist ssenarilərindən əl çəksinlər, küçə fahişələri kimi qıpqırmızı yalan danışmaqlarına son qoysunlar və biraz da guya “çox sevdikləri” Ermənistanı düşdüyü hazırki ağır, rüsvayçı vəziyyətdən xilas etməyin yolları barədə düşünsünlər. Şuşanı isə bundan sonra yalnız yuxularında görə bilərlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir