“Kimlər ki, bu missiyanı doğru-düzgün anlamır və öz işində əyintilərə yol verib, yarıtmaz fəaliyyət göstərirsə, həmin şəxslər Prezidentin etimadını itirir”

Dövlət başçısı iki gün öncə Rəşad Nəbiyevi Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən öz çıxışında bir sıra önəmli məsələlərə toxundu. Həmin məsələlərdən biri də məmurların onun tapşırıqlarını tam icra etməməsi ilə bağlı idi. Prezident İlham Əliyev yenicə təyin olunmuş nazirlə söhbətində nə üçün bu məsələyə toxundu? Çünki məmurların məsuliyyət məsələsi və onların öz vəzifə öhdəliklərini effektiv formada, vicdanla yerinə yetirmələri hazırda ölkədə davam etdirilən kadr islahatları və struktur dəyişikliklərinin prioritet istiqamətlərindən birini təşkil edir. Bu prioriteti, bu hədəfləri onlar üçün cənab Prezident müəyyən edib, irəli sürüb.


Lakin əfsuslar olsun ki, bəzi məmurlar Prezidentin müəyyən etdiyi hədəflərə və qarşıya qoyduğu vəzifələrə adekvat münasibət sərgiləyə bilmir və öz vəzifə səlahiyyətlərinin icrasını arzuolunan səviyyədə həyata keçirmirlər. Onlar ölkə başçısının tapşırıqlarının icrasına səhlənkar yanaşır, yerlərdə vətəndaşları incidirlər. Bu da öz növbəsində bir sıra ciddi problemlərin ortaya çıxmasına, dövlət qurumlarının işində axsamaların əmələ gəlməsinə şərait yaradır. Cənab Prezident də məlum çıxışında məhz bu amili nəzərdə tutaraq bildirdi ki, əgər onun verdiyi tapşırıqlar məmurlar tərəfindən tam icra olunarsa, heç bir sahədə hər hansı bir axsama olmayacaq: “Məsələn, nə üçün biz ictimai xidmətlər sahəsində texnologiyaları icad edən və ixrac edən ölkəyə çevrilə bilmişik? Çünki qarşıya düzgün hədəflər qoyulmuşdur, kadr təminatı düzgün seçilmişdir və Prezident tərəfindən bu sahəyə daim diqqət göstərilib. Ancaq bu diqqət bütün qurumlar tərəfindən göstərilməlidir. Çünki mənim tərəfimdən verilən tapşırıq bəzi hallarda müəyyən müddət ərzində icra edilir, ondan sonra icra edilmir, ya da ki, unudulur, yaxud da hansısa başqa xoşagəlməz hallar meydana çıxır. Ona görə dövlət qurumları, nazirliklər, dövlət şirkətləri mənim göstərişlərimi axıra qədər icra etməlidirlər və belə olan halda, heç bir yerdə axsama olmayacaq”.


Prezident bu fikirləri dilə gətirməkdə tamamilə haqlıdır və bu fikirləri qeyd etməklə bir qrup məmurların onun tapşırıqlarına məsuliyyətsiz yanaşdığını, başqa sözlə desək, bəzi məmurların sabotajla məşğul olduğunu, öz işində qeyri-peşəkarlıq nümayiş etdirdiklərini vurğulayır. Bu isə heç şübhəsiz ki, son nəticədə vətəndaşlarımızın əziyyət çəkməsinə səbəb olur. Odur ki, mən cənab Prezidentin bu fikirlərini öz işinə məsuliyyətsiz və səhlənkar yanaşan, qanunları pozan, dövlət başçısının göstərişlərinin icrasını yubadan məmurlara növbəti və həm də sonuncu xəbərdarlıq kimi qiymətləndirirəm. Bu fikirlər həmin məmurlara və eyni zamanda bu və ya digər vəzifələrə yeni təyin olunmuş kadrlara açıq mesajdır.


Verilən mesajın mahiyyəti, məqsədi ondan ibarətdir ki, Prezidentin tapşırıqları və sərəncamları vaxtında və səmərəli şəkildə həyata keçirilməlidir. Hər bir məmur Prezidentin verdiyi tapşırıqları qeydsiz-şərtsiz və həm də nümunəvi şəkildə icra etməlidir. Çünki məqsəd mövcud problemlərin həllini sürətləndirmək, ölkənin inkişafının növbəti mərhələsinə keçməyə nail olmaq, xalqın rifahını təmin etməkdir. Cənab Prezident də hər bir kadrı vəzifəyə təyin edərkən, onların qarşılarına məhz bu ümdə vəzifəni qoyur və məmurlara açıq şəkildə bildirir ki, siz vətəndaşların qulluqçususunuz, xidmətçisisiniz.


Kimlər ki, bu missiyanı doğru-düzgün anlamır və öz işində əyintilərə yol verib, yarıtmaz fəaliyyət göstərirsə, həmin şəxslər Prezidentin etimadını itirir, tutduqları vəzifələrdən uzaqlaşdırılırlar. Vəzifə səlahiyyətlərindən sui-istifadə edib, yerlərdə vətəndaşları incidən, süründürməçiliyə yol verən məmurlar isə cəzalandırılırlar. Bu kurs, bu prinsipial mövqe bundan sonra da davam etdiriləcək. Prezidentin yeni Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri ilə videokonfrans formatında görüşündə məmurlara yönəlik səsləndirdiyi fikirlərin ana xətti ondan ibarətdir ki, məmurlar yerlərdə dövlətin təmsilçisi, dövlət başçısının birbaşa sözçüsü olduqlarını dərk etməli və öz vəzifələrinin icrasına yeni təfəkkürlə, günün tələblərinə, çağırışlarına uyğun şəkildə yanaşmalıdırlar.

Əlisahib Hüseynov

Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir