MHP sədri: “44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi gözü götürməyən xarici qüvvələr hər an fürsət gözləyirlər”

Qaradağ rayonu ərazisində dəfn olunan 18 şəhidin məzarlarının Yasamal rayonu ərazisindəki Şəhidlər Xiyabanına köçürülməsi xəbərini hamımız razılıq hissilə qarşıladıq. Mən bunu gözləyirdim və inanırdım ki, dövlətçilik şüuru bu məsələ ilə bağlı ədalətli qərarın qəbul edilməsində öz həlledici sözünü deyəcək, şəhidlərin xatirəsi əziz tutulacaq və onlar layiq olduqları məkanda dəfn ediləcəklər. Dövlətin şəhid valideynlərinin istəyinə, tələbinə hörmət və anlayışla yanaşması, hansısa məmurun məsuliyyətsizliyi və səriştəsizliyi üzündən 18 şəhidin dəfni ilə bağlı yaranmış gərginliyi təmkinli bir davranışla aradan qaldırması həqiqətən də təqdirə layiq haldır. 

Əlbəttə, könül istərdi ki, belə bir xoşagəlməz  hadisə ümumiyyətlə heç baş verməsin və cəmiyyətdə də gərginlik doğurmasın. Mən şəhid valideynlərinin, şəhid yaxınlarının hisslərini, iztirablarını başa düşürəm. Onlar bu Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş övladlarının gözdən uzaq bir yerdə, yol kənarında, qrunt sularının üzə çıxdığı bir məkanda dəfn edilməsinə narazılıqlarını bildirməkdə tamamilə haqlıydılar. Onların yerində biz də olsaydıq, bizim də heç birimiz öz şəhid övladımıza qarşı belə bir acımasız rəftarı qəbul etməzdik. Yerlərdəki kiçik ranqlı məmurlar şəhidlərin xatirəsinə bu cür etinasız yanaşmamalı, şəhid ailələrinə qarşı, qazilərə qarşı biganəlik, saymazyanalıq göstərib dövlətlə vətəndaşları qarşı-qarşıya qoymamalıdırlar. Bu cür məmur səhlənkarlıqları, məmur etinasızlığı görün cəmiyyətdə nə boyda gərginlik yaratdı. Məgər buna ehtiyac vardımı? Təbii ki, yox, ehtiyac yox idi. Amma yaxşı ki, dövlət ərkanında, ölkənin rəhbər elitasında təmsil olunan şəxslər arasında kifayət qədər milli ruha, dövlətçilik şüuruna sahib olan ağıllı, təcrübəli, müdrik insanlar da var və onlar bu məsələnin müsbət həllini tapmasında rol oynadılar. Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Şəhid ailələri nəticədən razı qalıblar. Cəmiyyət də bu xəbəri razılıq hissilə qarşıladı. 

Beləliklə, milli həmrəyliyimizin zədələnməsinin qarşısı alındı. Məsələyə kənardan çomaq soxmaq istəyənlərin, fürsətdən sui-istifadə edib ölkədə siyasi gərginlik yaratmağa can atan radikal müxaliflərin, iqtidarla xalqın birliyinin pozulmasında maraqlı olan xarici mərkəzlərin ölkədəki əlaltılarının – “5-ci kolon”çuların, prosesi təxribat müstəvisinə çəkməyə çalışanların hamısının xəbis və məkrli planları alt-üst oldu. Önəmli olan da məhz budur. 44 günlük Vətən müharibəsindəki tarixi Qələbəmizi gözü götürməyən, bunu heç cürə həzm edə bilməyən daxili və xarici qüvvələr hər an fürsət gözləyirlər. Onlar milli birliyimizi, bütövlüyümüzü sarsıdaraq cəmiyyətdə parçalanmaya nail olmağa, dövlətlə xalqın qarşılıqlı etimadını zədələməyə, vətəndaşlarımızda dövlətə və dövlət başçısına qarşı olan böyük inamı, dəstəyi yox etməyə çalışırlar. 

İndi olduqca həssas və kövrək bir dönəmdən keçirik. Ordumuzun şücaəti, Ali Baş Komandanımızın müdrikliyi sayəsində İkinci Qarabağ müharibəsində misilsiz bir qələbə əldə etmişik. Əlbəttə, mənfur və məkrli düşmən üzərində belə bir qələbəni qazanmaq heç də asan deyildi. Ancaq biz bunu bacardıq. Şəhidlərimizin qanı bahasına, qazilərimizin qəhrəmanlığı sayəsində torpaqlarımızı işğaldan azad etməyi bacardıq. İndi də bu qələbəni göz bəbəyi kimi qorumaq zamanıdır. Qələbəni qorumaq da onu qazanmaq qədər çətindir. Qələbəmizi qorumaq üçün indi hər birimiz ikiqat, üçqat artıq məsuliyyətli olmağa çalışmalıyıq. Cəmiyyətdə süni gərginlik yaratmağa çalışanların təxribatçı hərəkətlərinə uymamalıyıq, onların qızışdırıcı açıqlamalarının təsiri altına düşməməliyik. Elə özümüz də dedi-qodulardan, şayiələrdən uzaq durmalıyıq, sosial şəbəkələrdə “feyk-xəbər”ləri tirajlamaqdan, cəmiyyətdə çaşqınlıq yarada biləcək paylaşımlar etməkdən çəkinməliyik. 

Bir sözlə, 44 gün ərzində Ordu-Prezident-Xalq üçlüyünün vəhdəti sayəsində, min bir zəhmətlə qazandığımız, misilsiz mücadilə ilə əldə etdiyimiz Zəfərimizə kölgə sala biləcək, düşmənlərimizi sevindirə biləcək heç bir hərəkətə, heç bir yersiz və məntiqsiz ifadələrə yol verməməliyik. Zatən düşmən də elə bunu gözləyir. Düşmən fürsət axtarır ki, Azərbaycan cəmiyyətində ictimai-siyasi zəmində dərin parçalanma baş versin. Ermənistanın revanşist qüvvələri Azərbaycanda yarana biləcək vətəndaş qarşıdurmasından, 90-cı illərdəkinə bənzər siyasi xaosdan yararlanıb müharibənin nəticələrini dəyişməyə, Qarabağımızı yenidən işğal etməyə təşəbbüs göstərə bilərlər. Biz düşmənlərimizə bir daha heç vaxt belə bir fürsət verməməliyik. Odur ki, ehtiyatlı olaq, diqqətli olaq, tədbirli olaq, təmkinli olaq, həmrəy olaq, birlik olaq. Qələbəmizi qorumağın əsas yolu milli birliyimizdən, həmrəyliyimizdən keçir. İndi hər bir azərbaycanlı milli həmrəyliyimizin keşiyində dayanmalıdır. 

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının (MHP) sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir