Doktorantura üzrə imtahanlarda 1536 namizədin iştirakı gözlənilir

Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il fevralın 14-də xarici dillər üzrə doktoranturaya qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanları keçirəcək.

DİM-dən MHP.Az-a verilən məlumata görə, imtahanlar Bakı şəhərində 7, Naxçıvan şəhərində 1 binada keçiriləcək və saat 11:00-da başlanacaq.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatır və bundan sonra gələn namizədlər imtahana buraxılmır.

Namizədlər DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi“ni çap etməlidirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunub.

İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • şəxsiyyəti təsdiq edən sənədin əsli;
  • “Namizədin imtahana buraxılış vərəqəsi”;
  • “Sağlamlıq haqqında bəyannamə” (buraxılış vərəqəsi ilə birlikdə çap edirsiniz, imzalayırsınız və imtahan zalına daxil olduqda nəzarətçiyə təhvil verirsiniz).

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaqdır.

Xatırladırıq ki, namizədlərin doktoranturaya qəbul və iddiaçıların fəlsəfə doktoru imtahanlarında xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim ediləcək:

1. Dinləyib-anlama bloku;

2. Oxuyub-anlama bloku;3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);

4. Yazı bloku (doktoranturaya qəbul imtahanı verənlər – esse yazısı və fəlsəfə doktoru imtahanı verənlər – vizual məlumatın (cədvəl, qrafik, diaqram və s) təsviri).

Fevralın 15-də keçiriləcək əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanında da eyni test blokları üzrə tapşırıqlar təqdim olunacaq.

Namizədlərin və iddiaçıların yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında imtahan suallarının cavablandırılmasına və essenin (və ya vizual məlumatın təsvirinin) yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, yazılı tapşırığa isə 1 saat) vaxt ayrılır.

Həm doktoranturaya xarici dil üzrə qəbul, həm də xarici dil və Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarında toplanıla biləcək maksimal bal 50-yə bərabərdir və dinləmə, oxu, dildən istifadə və yazı bloklarının hər biri üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə minimal keçid balını toplamaq tələb olunur. Müvafiq qurumlarla razılaşdırılmaqla doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35, əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilmişdir.

Doktoranturaya qəbul imtahanında yazılan esselər və fəlsəfə doktoru imtahanında yazılan vizual məlumatın təsviri maksimum 10 balla qiymətləndirilir. 2 və daha artıq balla qiymətləndirilən esselər və yazılı təsvirlər məqbul hesab olunur.

Məlumat üçün bildirək ki doktoranturaya qəbul imtahanında iştirak etmək üçün 1327 nəfər qeydiyyatdan keçib. Onlardan 1242 namizəd ingilis dili, 41 namizəd fransız dili, 44 namizəd alman dili üzrə imtahan verəcək. Xarici dillər üzrə fəlsəfə doktoru imtahanı üzrə 209 nəfər, əcnəbilər üçün Azərbaycan dili imtahanı üzrə isə 5 nəfər imtahana yazılıb. DİM-ə müvafiq beynəlxalq sertifikatını təqdim etmiş 23 namizəd xarici dil imtahanından azad olunub.

İmtahanların idarə olunması üçün 20 imtahan rəhbəri, 152 zal nəzarətçisi ayrılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir