Perunun XİN rəhbəri erkən peyvənd olunduğuna görə istefa verdi

Perunun xarici işlər naziri Elizabet Astete klinik sınaqlar və milli peyvəndlənmə proqramına başlamazdan əvvəl Çin istehsalı peyvənd vurdurduğunu etiraf etdikdən sonra istefa verdiyini açıqlayıb.

MHP.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Astete bu barədə öz tvitter hesabında açıqlama yayıb.

“Nə qədər ciddi bir səhv etdiyimi başa düşdüm və bu səbəbdən peyvəndin ikinci dozasını qəbul etməməyə qərar verdim. Göstərilən səbəblərə görə istefa ərizəmi prezidentə təqdim etdim”,- deyə o qeyd edib.

Astete dekabr-yanvar aylarında koronavirusa yoluxan dövlət rəsmiləri ilə əlaqə saxladığını və bu səbəbdən peyvəndlənmək qərarı verdiyini bildirib.

Qeyd edək ki, Peru hökuməti “Sinopharm” şirkətindən 38 milyon doza peyvənd tədarük etmək üzrə razılığa gəlib.

Bu günə qədər ölkədə 1,2 milyondan çox yoluxma faktı aşkar edilib, 43 mindən çox insan xəstəlik səbəbindən həyatını itirib.

Xatırladaq ki, Peruda kütləvi vaksinasiya proqramı fevralın 9-da başlayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir