Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bəsitçaya balıq buraxıblar – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfərləri çərçivəsində Bəsitçaya balıq buraxıblar.

MHP.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev deyib: “Bəsitçay Dövlət Təbiət Qoruğunda çinar ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü ildə ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılmışdır. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay təbiət qoruğunun bərpasına start verildi.

Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə ki, burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu yerinə yetirdik.

Eyni zamanda, Bəsitçaya balıqlar da buraxdıq. Bəsitçay da çox gözəl çaydır. Ümumiyyətlə, bu bölgə çaylarla zəngindir. Tərtərçay, Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri çayı və digər çaylar bundan sonra Azərbaycan xalqına xidmət edəcək. Mənfur düşmən işğal dövründə Tərtərçayın da suyunun qabağını kəsmişdir və bir neçə rayonumuzda yüz min hektardan çox torpaq susuz qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir