Rusiya Azərbaycanla sərhəddə baza quracaq? – Polkovnikdən AÇIQLAMA

Ermənistan daxilində Rusiya hərbi bazasının yerdəyişməsi bizim məsələ deyil, Ermənistanın öz daxili məsələsidir.

Mhp.az xəbər verir ki,bunu Milli.Az-a açıqlamasında hərbi ekspert, ehtiyatda olan polkovnik Ruslan İmamquliyev deyib.

Polkovnik bildirib ki, Rusiya Ermənistan daxilindəki hərbi bazasının yerini dəyişmək fikrinə düşərsə, bu, bizim fəaliyyətlərimizə hər hansı bir zərər gətirməyəcək:

“Mövcud vəziyyətdə Rusiyanın belə bir addıma ehtiyacı olduğunu düşünmürəm. Çünki hazırda Rusiya ilə bizim o mövzuda qarşılıqlı bir problemimiz, arada hər hansı bir gərginlik yoxdur. Hətta Rusiyanın sülhməramlılarının Azərbaycanda iştirakına razılıq vermişik. Hazırda da işğaldan azad olunan bölgədə rus sülhməramlıları da var. Ermənistanın şərqinə Gümrüdəki rus bazasının müəyyən bir hissəsinin köçürülməsinə nə ehtiyac var?! Onsuz da, istər Qubadlıda olsun, istər Zəngilanda olsun, delimitasiya proseslərinin gedişatında da rus sülhməramlıları iştirak edirlər.

Azərbaycandan Ermənistanın cənuba, yəni Mehri istiqamətindən İrana açılan yolunun bir bölümü bildiyiniz kimi Qubadlı, Zəngilan ərazisindən keçir. Orada da eyni şəkildə, Rusiya sülhməramlıları iştirak edirlər. 102-ci bazanın Azərbaycanla sərhəddə gətirilməsinin bir məntiqi yoxdur. Düşünmürəm ki, elə bir addım atılsın. Atılsa da bunun bizə heç bir zərəri də yoxdur. Çünki bizim kiminsə torpağında gözümüz yoxdur. İşğal altında olan torpaqlarımızı 30 ildən sonra azad etdik və bundan sonra da antiterror əməliyyatlarımız davam edəcək. Nəzərə çarpan terrorist qüvvələr varsa, onlar da zərərsizləşdiriləcək və ya məhv ediləcək. Rusiyanın Ermənistan daxilindəki hərbi bazasının yerini dəyişməsinin bizim fəaliyyətlərimizə hər hansı bir zərər gətirəcəyini düşünmürəm. Mövcud vəziyyətdə də bunun məntiqi bir ardıcıllığını görmürəm”.

Qeyd edək ki, Ermənistanda fəaliyyət göstərən Rusiyanın 102-ci hərbi bazasının müəyyən hissələrinin ölkənin şərqinə keçirilməsi məsələsi İrəvanla Moskva arasında müzakirə olunur. Bunu Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya mətbuatına müsahibəsində deyib. O bildirib ki, hazırda həmin məsələ ilkin müzakirələr mərhələsindədir və gələcəkdə bu baş verə bilər. Nazir əlavə edib ki, son dövrlərdə ölkədə fəaliyyət göstərən rusiyalı sərhədçilərə əlavə funksiyalar da verilib.

Xatərladaq ki, Gümrü şəhərində yerləşən 102-ci hərbi baza Ermənistan-Türkiyə sərhəddinin təhlükəsizliyinə nəzarət edir.


Mhp.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir