Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri qəhrəmanlıq göstəriblər

İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir.

MHP.az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev partiyanın VII qurultayındakı yekun nitqində deyib.

Dövlət başçısı bildirib:

“Biz hamımız Azərbaycan xalqının nümayəndələriyik. Ancaq, eyni zamanda, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğu üçün hər bir xalqın, hər bir dinin nümayəndəsinin öz ənənələri var, öz bayramları var, öz həyat tərzi var və bir-birimizə hörmətlə yanaşmağımız bizim böyük sərvətimizdir. Mən deyə bilərəm ki, Azərbaycan bu sahədə də dünyada nadir ölkələrdən biridir. Çünki baxın, inkişaf etmiş ölkələrdə indi hansı problemlər yaşanır. Onlar bu problemlərin öhdəsindən gələ bilməyiblər. Orada dini, milli zəmində ziddiyyətlər, ayrı-seçkilik baş verir. O ölkələrin bəzi şəhərlərində elə bölgələr var ki, oraya heç polis girə bilmir. Sanki bir dövlət içində dövlət qurublar. Nəyə görə? Çünki siyasət düzgün aparılmayıb, ümumiyyətlə, siyasət aparılmayıb. Hesab edirdilər ki, iqtisadi nailiyyətlər və meyarların yüksək olması orada yaşayan və oraya gələn bütün başqa xalqların nümayəndələri üçün xoşbəxtlik gətirəcək. Amma bu, belə deyil. Orada ədalətsizlik hökm sürür, təbəqələşmə hökm sürür, milli, dini zəmində ayrı-seçkilik var, irqçilik var. Biz bunun təzahürlərini görürük və son zamanlar bu, özünü daha qabarıq şəkildə göstərir, xüsusilə miqrant böhranı ilə əlaqədar. Miqrant böhranı da, əslində, göstərdi ki, elan edilmiş dəyərlər bir çox hallarda, sadəcə olaraq, şüar idi, real həyatda bu, yoxdur.

Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri özlərini rahat hiss edirlər, öz ailəsində, öz doğma torpağında hiss edirlər. Xalqlar arasındakı dostluq, mehriban münasibət bizim böyük sərvətimizdir. Biz bunu qorumalıyıq. Burada siyasət bundan sonra da ardıcıl şəkildə aparılacaq. Bizim siyasətimiz xalq tərəfindən də qəbul edilir. İkinci Qarabağ müharibəsində Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri fədakarlıq, qəhrəmanlıq göstərmişlər, şəhid olmuşlar, Vətən uğrunda vuruşmuşlar, Azərbaycan bayrağı altında ölümə gedirdilər. Azərbaycanda belə cəmiyyət mövcuddur. Bu, bizim böyük sərvətimizdir.

Amma biz yaxşı bilirik ki, son 30 il ərzində Ermənistan dövlətinin və erməni diasporunun əsas fəaliyyətlərindən biri Azərbaycanda yaşayan xalqlar arasında qarşıdurma yaratmaq olub. Onlar bunu gizlətmirlər və hesab edirdilər ki, burada hansısa uğura nail ola bilərlər. Amma görünür ki, onlar Azərbaycan reallıqlarından xəbərsizdirlər.

Ermənistan düşmən dövlət kimi Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi üçün bir nömrəli hədəf idi. Dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, bizim bütün gənclərimiz ölümə gedirdilər. Bu, bizim böyük sərvətimizdir. Ona görə bu sahəyə çox böyük diqqət verilməlidir və Azərbaycan, – necə ki, biz bu gün dünya miqyasında multikulturalizm mərkəzlərindən birinə çevirmişik, – bundan sonra da həm ölkə daxilində, həm də beynəlxalq fəaliyyətdə daim bu məsələyə diqqət yetirməlidir”.

MHP.az 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir