Hakim partiyanın yeni strategiyası: Siyasi həmrəylik, inteqrasiya, milli birlikdir

Ölkənin siyasi aləmində demokratik ənənələrin inkişafı zamanın tələbidir. Bütün ölkələrdə hakimiyyətdə olan siyasi partiyaların qəbul etdiyi qərarlar ölkənin siyasi həyatına birbaşa təsir edir. Bu baxımdan hakim Yeni Azərbaycan Partiyasının 05 mart 2021-ci il tarixində keçirilmiş VII qurultayı təbii olaraq ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
Vətən savaşındakı qələbədən və ölkədə aparılan islahatlar fonunda YAP-ın ali forumunun keçirilməsi islahatlar, ölkənin gələcək inkişafı baxımından da önəmli hadisədir.
Eyni zamanda ölkədə yaradılmış siyasi dialoq mühiti siyasətdə yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb oldu. Bu baxımdan hakim partiyanın ali toplantısı demokratik ənənələrin inkişafına ciddi töhfə verəcəkdir. Belə ki, YAP qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edilməsi də ölkənin siyasi həyatında tamamilə yeni bir strategiyanın – siyasi həmrəylik, inteqrasiya və milli birlik modelinin əsasını qoymuş oldu. YAP və 6 siyasi partiyanın milli birliyə yönələn vahid partiyada birləşmək qərarı Azərbaycanın ictimai-siyasi həyatında tamamilə yeni bir doktrinanın işə düşməsindən xəbər verir. Odur ki, Yeni Azərbaycan Partiyasının VII qurultayında 6 siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul edildi: Azərbaycan Xalq Demokratik Partiyası, Azərbaycan Kəndli Partiyası, Milli Qurtuluş Partiyası, Azərbaycan Yurddaş Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası və Azərbaycan Demokrat Sahibkarlar Partiyası. Bu, ölkəmizdə dialoq mühitinin dərinləşməsinə və demokratik ənənələrin şaxələnməsinə xidmət edəcəkdir. Siyasi rəqabətin əsas aləti olaraq partiyaların güclənməsi vətəndaşların maraqlarının müdafiə olunmasında yeni imkanlar yaradacaqdır.
Eyni zamanda bu siyasi partiyaların YAP-a qoşulmaq istəyi YAP-ın sözün əsl mənasında xalq partiyası olduğunu sübut edir. YAP ümumxalq partiyası olaraq, ölkəmizdə milli həmrəyliyin yeni inkişaf mərhələsinin təcəssümünə çevrilir. Bu cür tendensiyalar eyni zamanda, iqtidara qarşı olan müsbət ictimai rəyin artmasından xəbər verir.
        Ölkədə milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi islahatların keçirilməsi, aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşmış, ümumdövlət məsələlərində vahid mövqe yaranmışdır. Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti, həmçinin Vətən müharibəsində qazanılmış Qələbə ölkədə milli birlik yaratmışdır;
Ölkənin siyasi həyatında yeni demokratik məzmunlu presedentə çevrilən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilərək siyasi münasibətlərdə də öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a qoşulması faktı Azərbaycanda dövlət və milli maraqlar naminə müxtəlif siyasi qüvvələrin inteqrasiya nümunəsidir.
          Bununla yanaşı siyasi partiyaların daha səmərəli və təsirli siyasi fəaliyyətə səbəb olacaq qoşulma nümunəsi kimi, məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yaradacaqdır. Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil olunacaqdır.
Həmçinin, nisbətən zəif qüvvələrin daha güclü qüvvəyə qoşulmaq istəyi təbii və başadüşüləndir. Eyni zamanda, 6 siyasi partiyanın YAP-a qoşulması iqtidar partiyasına olan etibar və inamdan irəli gəlmişdir.
Hər bir demokratik cəmiyyətdə siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir. Ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edəcəkdir.
Ümumiyyətlə Azərbaycan Respublikasında təsis edilmiş bir sıra siyasi partiyalar öz siyasi proqramlarında başlıca məqsəd kimi Azərbaycanın ərazi bütövlüyünün bərpasını və “Turançılıq” ideologiyasını nəzərdə tutmuşdur. 44 günlük Vətən müharibəsində qazanılmış Qələbə, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə formalaşması bir sıra partiyaların siyasi proqramlarında göstərilmiş əsas məqsədə çatmalarına səbəb olmuşdur. Odur ki, eyni hədəflər, eyni məqsəd uğrunda mübarizə aparan təşkilatların vahid partiyada fəaliyyət göstərməsi normal prosesdir və gələcəkdə bu kimi inteqrasiya prosesi daha da inkişaf edəcəkdir.

İlqar İlyasov

YAP Laçın rayon təşkilatının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir