Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Böyük Dəbilqə turnirində bu gün Azərbaycanın son 3 cüdoçusu tatamiyə çıxıb.
Onların hamısı kişilərin mübarizəsinə qatılıb. 90 kq çəki dərəcəsində yer alan Məmmədəli Mehdiyev ilk görüşündə qırğızıstanlı Erlan Şerovu 3 dəqiqəyə ipponla məğlub edib. Onun 1/8 finalda rəqibi böyük britaniyalı Maks Stüart olub. Azərbaycanlı cüdoçu bu qarşılaşmanı 1 dəqiqə 57 saniyəyə ipponla başa vurub. O, 1/4 finalda finlandiyalı Klen Kristofer Kalyulaidi sınağa çəkib. Rəqibinə 2 dəqiqə 11 saniyəyə qalib gələn Mehdiyev yarımfinala vəsiqə qazanıb.
Finala gedən yolda rəqib özbəkistanlı Davlat Bobonov olub. Mehdiyev 3 dəqiqə ərzində 3 cərimə xalı alaraq, məğlubiyyətlə üzləşib. Lakin o, bürünc medal görüşündə özbəkistanlı Şerməhəmməd Jandreyevi yenməyi bacarıb.
100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda italiyalı Vinçentso D Arkonu 2 dəqiqə 38 saniyəyə ipponla yenib. Onun növbəti rəqibi rusiyalı Anton Krivobokov olub. Kokauri bu dəfə 1 dəqiqə 18 saniyəyə ipponla qələbə qazanıb. Gürcüstanlı legioner 1/4 finalda finlandiyalı Martti Puumalaynenə rəqib olub. Bu dəfə Azərbaycan təmsilçisinə qələbə üçün cəmi 43 saniyə kifayət edib.
Kokaurinin yarımnfinalda rəqibi yaponiyalı Kokoro Kaqeura olub. Görüş Kaqeuranın 2 dəqiqə 37 saniyəyə ippon hesabına qələbəsi ilə yekunlaşıb. Gürcüstanlı legioner bürünc medal görüşündə cənubi koreyalı Minjonq Kim ilə üz-üzə gəlib. Görüş Kimin qələbəsi ilə yekunlaşıb. Kokauri Böyük Dəbilqəni 5-ci pillədə başa vurub.
100 kq çəkidə Aslan Mirzəyev 1/16 finala təsadüf edən ilk görüşündə monqolustanlı Otqonbatar Lxaqvasurenə uduzaraq, mübarizəni dayandırıb.
Böyük Dəbilqə
7 mart
90 kq
1/16 final. Məmmədəli Mehdiyev – Erlan Şerov (Qırğızıstan)
1/8 final. Məmmədəli Mehdiyev – Maks Stüart (Böyük Britaniya)
1/4 final. Məmmədəli Mehdiyev – Klen Kristofer Kalyulaid (Finlandiya)
1/2 final. Məmmədəli Mehdiyev – Davlat Bobonov (Özbəkistan)
Bürünc medal görüşü: Məmmədəli Mehdiyev – Şerməhəmməd Jandreyev (Özbəkistan)
100 kq
1/16 final. Aslan Mirzəyev – Otqonbatar Lxaqvasuren (Monqolustan)
+100 kq
1/16 final. Uşanqi Kokauri – Vinçentso D Arko (İtaliya)
1/8 final. Uşangi Kokauri – Anton Krivobokov (Rusiya)
1/4 final. Uşangi Kokauri – Martti Puumalaynen (Finlandiya)
1/2 final. Uşangi Kokauri – Kokoro Kaqeura (Yaponiya)
Bürünc medal görüşü: Uşangi Kokauri – Minjonq Kim (Cənubi Koreya)
Beləliklə, 71 ölkədən 497 (296 kişi, 201 qadın) cüdoçunun qatıldığı Böyük Dəbilqəni Azərbaycan millisi 2 medalla başa vurub. Məmmədəli Mehdiyevdən əvvəl Rüstəm Orucov (73 kq) da bürünc medal qazanıb.
MHP.az