“Wood Mackenzie”: Aprel ayında neftin qiymətinin 70-75 dollara yüksələcəyi gözlənilir

2021-ci ilin aprel ayında  dünya bazarında neftin qiymətinin 70-75 dollara yüksələcəyi  gözlənilir. Bu proqnozla mərkəzi ofisi Şotlandiyada yerləşən “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkəti  çıxış edib. Şirkətin  proqnozuna görə, xam neft ehtiyatları apreldən etibarən azalacaq və bu il neft tələbatı keçən ilə nisbətən gündəlik 6 milyon 300 min barrel artacaq.


Saxta.info yerləşən “Wood Mackenzie” tədqiqat və konsaltinq şirkətinin verdiyi proqnozun real olub-olmadığını araşdırıb.

Öncə qeyd edək ki, son günlər dünya birjalarında neftin qiyməti bahalaşır.   Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 2,85 faiz bahalaşaraq 71,34 dollar təşkil edib. Son dəfə “Brent” markalı neftin qiyməti 2020-ci ilin  yanvarında 71 dollardan yüksək olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında isə  “Light” markalı neftin bir barrelinin qiyməti 2,81 faiz bahalaşaraq 67,95 dollara çatıb.

Bu günlərdə  Azərbaycan neftinin qiyməti  də  bahalaşıb. Belə ki,  “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,56 dollar artaraq 69,26 dollar təşkil edib. Bu, son 13 ayda qeydə alınan  maksimum göstəricidir. Xatırladaq ki,  “Azeri Light” neftinin bir barrelinin qiyməti keçən il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Neftin qiyməti  OPEC + ölkələri  nazirlərinin  martın 4-də videokonfrans formatında keçirilən 14-cü iclasından sonra artmağa başlayıb.  Həmin iclasda  mart ayı üzrə xam neft hasilatının artırılmaması qərara alınıb, istehsal kvotalarının aprel ayında da davam etdirilməsi təsdiqlənib. Yalnız Rusiya və Qazaxıstana hasilatı müvafiq olaraq gündəlik 130 və 20 min barrel artırmağa icazə verilib.

Bu qərardan sonra Brent markalı xam neftin may fyuçerslərinin  qiyməti  ICE London birjasında  5,2% artaraq barreli 67,43 dollara yüksəlib.

Ekspertlər neftin qiymətinin son 8 ayda  ən yüksək səviyyəyə gəlib  çatmasını ilk növbədə  OPEC + ölkələri  nazirlərinin  məlum qərarı, digər tərəfdən koronavirusa qarşı hazırlanan peyvəndlərin effektli çıxması və kütləvi şəkildə tətbiq olunması ilə izah edirlər. Onlar hesab edirlər ki, pandemiya ilə əlaqədar məhdudiyytələrin aradan qaldırılması  “qara qızıla” tələbatı da artıracaq.

Xatırladaq ki, hələ ötən ilin dekabrında “Saxo Bank”ın   əmtəə bazarları strategiyası şöbəsinin müdiri Ole Hansen  neftin  bir barrelinin 62 dollara qədər bahalaşacağını proqnozlaşdırmışdı. Hansen bildirmişdi ki,  koronavirusa qarşı hazrlanan peyvəndlər effektli olarsa dünyada neftə olan gündəlik tələbat  100 milyon bareli ötə bilər. Belə olan halda 2021-ci ildə neftin qiymətinin 62 dollara qədər artacağı realdır.

Bu  arada aparıcı banklar  OPEC + ölkələrinin hasilatı artırmamaqla bağlı məlum qərarından sonra proqnozlarını dəyişdiriblər.  Məsələn,  Goldman Sachs Brent markalı neftlə bağlı proqnozunu 5 dollar qaldıraraq 1 barel üçün 80 dollar müəyyənləşdirib.  İsveçərinin nəhəng maliyyə holdinqi UBS Group AG-ın   analitikləri  2021-ci ilin ikinci yarısında Brent markalı neftin bir bareli üçün 75 dollar, WTI nefti üçünsə 72 dollar  proqnozlaşdırıblar.

JPMorgan və Citigroupun ekspertləri də Brent nefti üçün proqnozlarını artırıblar. Julius Baer Group Ltd-nin baş iqtisadçısı Norbert  Ryuker yaxın aylarda bir barrel üçün 70 dollardan artıq qiymət gözlədiyini açıqlayıb. O deyib ki,  qarşıdakı aylarda istirahət və sayahət sektorunda aktivlik gözlənilir, bu isə Qərbdə neft istehlakını artıracaq.

Xatırladaq ki,  Səudiyyə Ərəbistanı fevral-mart ayları üçün gündəlik hasilatı 1 milyon barel azaltmaqla bağlı üzərinə götürdüyü könüllü öhdəliyi aprel ayında da davam etdirəcək.  

Bu məqama diqqət çəkən Oanda Korporasiyasının analitiki Edvard Moya deyir ki, əvvəlcə Səudiyyə Ərəbistanının bu öhdəlikdən imtina edəcəyi gözlənilirdi.  Analitikin qənaətincə  hazırkı durumda   WTI markalı neftin bir bareli üçün 75 dollar real görünür.  Brent  markalı neftin qiyməti isə hətta yay aylarında  80 dolları  ötə bilər.

Ekspertlər əlavə edirlər ki,  Çin  hökuməti  qarşıya 2021-ci il üçün Ümum Daxili Məhsulun həcminin  6 %  artırılmasını hədəf  qoyduğundan   bu ölkə neft və qaz ehtiyatlarını artırmağı, enerji təchizatı mənbələrini də şaxələndirməyi planlaşıdırb. Bu da öz növbəsində neftə olan tələbi artıracaq.

Saxta.info sadalananları əsas götürərək  bu qənaətə gəlib ki,  aprel ayında neftin qiymətinin 70-75 dollara yüksələcəyinə dair  “Wood Mackenzie” şirkətinin proqnozu  əsasən doğrudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir