Razi Nurullayev: “Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir”

“Dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Rusiyada toylar keçirilir. İnsanlarımız da bunu görür və haqlı sual yaranır ki, yəni bir il ərzində toy keçirməyin yolları tapılmadı?”. Bu açıqlama ilə  Azərbaycan Milli Məclisinin üzvü Razi Nurullayev çıxış edib.  Millət vəkili hesab edir ki,  Operativ Qərargah yollarını tapıb  toyların keçirilıməsinə icazə verməlidir.

Saxta.info millət vəkilinin başqa ölkələrdə toylara icazə verildiyinə dair  açıqlamasının əsaslı olub -olmadığını araşdırb.

Qeyd edək ki,  Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qəraragah koronavirus pandemiyası ilə əlaqədər  ötən ilin mart ayının 13-dən etibarən Azərbaycanda toyların keçirilməsinə qadağa qoyub.  Belə ki, həmin  gün bütün Azərbaycan ərazisində xüsusi rejim tətbiq edilib. Operativ Qərargah koronavirus infeksiyasının sürətlə yayılmasını, virusun uzun inkubasiya dövrünün olmasını,  vaksinin tapılmamasını, həmçinin  Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunmasını əsas gətirərək  ölkə ərazisində bir ay müddətində kütləvi tədbirlərin təxirə salınmasına qərar verib. 

Qərara əsasən 14 mart 2020-ci il saat 00:00-dan etibarən Azərbaycan ərazisində  bəzi sosial izolyasiya tədbirlərini start verilib.  Qadağalardan biri də toy məclisləri ilə bağlı olub.  Belə ki,  14 və 15 mart 2020-ci il tarixlərinə əvvəlcədən təyin olunan toy mərasimləri istisna olmaqla  ölkə ərazisində bütün toy məclislərinin keçirilməsi qadağan edilib.  Sonrakı müddətdə bir sıra izolyasiya tədbirləri ilə bağlı yumşalmalar olsa da toylara icazə verilməyib.

Rusiyada nikah mərasimi 

Koronavirus pandemiyası ilə əlaqədar  başqa ölkələrdə  toylara  qadağa qoyulmasına gəlincə,  qeyd edək ki,  qonşu   Rusiyada toylara xüsusu qadağa qoyulmayıb.  Ötən ilin mart ayında  Rusiya Ədliyyə Nazirliyi koronavirus pandemiyası səbəbindən əvvəlcədən planlaşdırılan nikah qeydiyyatı və  toy  mərasimlərinin iyun ayının 1-dək təxirə salmağı təklif edib.  Bildirilib ki,  konkret olaraq  nikah  qeydiyyatını təxirə salmaq mümkün deyilsə dəvətlər ləğv  edilsin, prosedur yalnız evlənən şəxslərin iştirakı aparılsın.   Yeri gəlmişkən,  ötən mart ayının 30-dan aprelin 5-dək  Moskvada  əvvəlcədən planlaşdırılan  nikah qeydiyyatları təxirə salınıb.

Qadağa olmasa da ötən il  Rusiyada toya hazırlaşan cütlüklərin demək olar ki,  70 %-i  koronavirusa görə  mərasimi ya tamamilə, ya da qismən təxirə salıb.  Bu nəticə  Raiffeisen Bank-ın apardığı araşdırma nəticəsində meydana çıxıb.  Moskva, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Novosibirsk, Krasnoyarsk, Rostov-na-Don, Samara, Yaroslavl, Ufa, Çelyabinsk və əhalisi bir milyondan az olan  digər şəhərlərdə aparılan araşdırma zamanı məlum olub ki,  toya hazırlaşanların 35 %-i  mərasimi tamamilə təxirə salıb,  33 %- i isə bir sıra bir sıra elementləri ləğv edib. Qalanları isə toylarını təxirə salmayıblar. 

Ramzan Kadırov 

Çeçenistan Respublikasında isə ötən ilin mart ayından  koronavirus təhlükəsi ilə əlaqədar  restoran və kafelərdə kütləvi tədbirlər  və toy mərasimlərinin keçirilməsinə qadağa qoyulub. Bu barədə respublikanın prezidenti Ramzan Kadırov qərar qıəbul edib.

Azərbaycana qonşu olan  Gürcüstanda da epidemioloji vəziyyətlə əlaqədar 2020-ci il sentyabr ayının 10-dan toylara qadağa qoyulub.  Qadağanı pozanları  10 min lari (3250 dollar) cərimə gözləyir.  Qadağa hələ də qüvvədədir. 

Türkiyədə nikah mərasimi 

Ötən ilin sentyabr ayının 4-də etibarən  Türkiyədə də toylara məhdudiyyət qoyulub.  Əvvəlcə 14 əyaləti əhatə edən qadağa həmin tarixdən bütün ölkəni əhatə edib.  Türkiyə Səhiyyə Nazirliyinin tövsiyəsi, ölkə prezident Rəcəb Tayyib Ərdoğanın təlimatı ilə Daxili İşlər Nazirliyi qərar hazırlayıb. Qərara əsasən  toy, nikah, nişan mərasimləri qadağan edilib.   Yalnız  müddəti 1 saat olmaq şərtilə  nikah  qeydiyyatı mərasimlərinə icazə verilib.  Bir şərtlə ki,  masalar arasında məsafə nəzərə alınmalı, rəqs meydançaları isə ümumiyyətlə bağlanmalıdır.  Bu ilin mart ayında isə  Türkiyədə  nikah və nikah mərasimi şəkilində təşkil olunan toylara  icazə verilib.  Amma sözügedən mərasimlərdə yoluxma sayı aza olan bölgələrdə 100 nəfər, riskli bölgələrdə isə 50 nəfər iştirak edə bilər.  Mərasimin müddəti isə 1 saat müəyyənləşdirilib. 

Türkiyədə toy 

Bununla yanaşı  qoruyucu tədbirlərə əməl olunması şərtdir.  Qonaqlar  mərasim zalına girərkən temperaturları ölçülür və  tibbi maskadan istifadə isə məcburidir.  

Böyük Britaniyada da toylarla bağlı məhdudiyyət var. Məsələn, Londonda 100-dən çox dəvətlinin qatıldığı toya görə təşkilatçıları 10 min funt-sterlinq cərimə gözləyir.  Karallığa bəzi ərazilərində toylara qadağa qoyulub.  Mərasim  keçirilməsi mümkün olan yerlərdə isə say məhdudiyyəti var. Belə ki, dəvətlilərin sayı  İngiltərədə 15, Şotlandiyada 20, Şimali İrlandiyada 25, Uelsdə isə 30 nəfəri keçməməlidir.  Yeri gəlmişkən Polşada da  toy və kütləvi əyləncələr  qadağandır.

Saxta.info qeyd edilən faktlara əsasən bu qənaətə gəlib ki,  millət vəkili Razi Nurullayevin açıqlaması əsasən doğrudur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir