Anadan olmasının 98-ci ildönümündə Ulu Öndərimiz Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla yad edirik. Öz ömrünü Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsinə və yüksəlişinə həsr etmiş dahi Liderimizin müstəqilliyimizi qorumaq, Vətənə, xalqa sədaqətlə xidmət etmək və bu yolda canını belə əsirgəməmək kimi dəyərlərdən çıxış etməsi bu gün hamımız üçün əsl örnəkdir, böyük məktəbdir. Heydər Əliyevin ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyimizin və dövlətçiliyimizin xilas edilməsi, milli birliyimizin və həmrəyliyimizin qorunub saxlanması yolunda göstərdiyi tarixi xidmət heç vaxt yaddaşlardan silinməyəcək.
Qardaş Türkiyənin tarixində böyük Mustafa Kamal Atatürk, ABŞ-ın tarixində D.F.Ruzvelt, İngiltərə tarixində Uinston Çörçil və Fransanın tarixində Şarl de Qoll hansı rolu oynayıbsa, Heydər Əliyev də Azərbaycanın taleyində eyni dərəcədə müstəsna rol oynayıb. O xalqımızın və dövlətimizin tarixdəki yerini, siyasi mövcudluğunu qoruyub saxlayıb. Heydər Əliyev kimi nəhəng tarixi şəxsiyyətlər 100 ildə bir dəfə böyük tarix səhnəsinə gəlir. Gənc Azərbaycan dövlətinin öz müstəqilliyini qoruyub saxlamasında və bu gün suveren dövlət kimi dünya birliyində layiqli yer tutmasında Heydər Əliyevin əvəzsiz rolunu heç kim dana bilməz. Heydər Əliyevin nadir tarixi şəxsiyyətlərdən biri olması özünü həm də onda göstərir ki, onun siyasi proseslərdəki əvəzedilməz rolunu hətta opponentləri, qatı düşmənləri də etiraf edib. Bu isə heç də hər siyasi liderə qismət olmur.
Sevindirici haldır ki, onun müdrik siyasi kursu bu gün də uğurla davam edir. Belə ki, son 18 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan uğurlar Ümummilli Liderimizin Azərbaycan qarşısındakı xidmətlərini daha dərindən anlamağa imkan verir. İlham Əliyev ötən illər ərzində öz böyük sələfinin – dahi Heydər Əliyevin siyasi kursunun davamçısı olaraq ölkəmizin yeni zirvələrə yüksəlməsininə nail oldu. Eyni zamanda Ulu Öndərin ən böyük arzusu olan və hətta vəsiyyətində də yer alan Qarabağın, xüsusən də Şuşanın işğaldan azad edilməsi amalını yerinə yetirməklə Prezident və Ali Baş Komandanımız İlham Əliyev həqiqətən də tarix yazdı. Bu müqəddəs vəsiyyətin yerinə yetirilməsinə görə bu gün Ulu Öndərimizin ruhu şaddır. İndi hər birimiz həqiqətən də böyük qürur hissi ilə deyə bilərik ki, mən fəxr edirəm ki, azərbaycanlıyam!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri