Sosial şəbəkələrin erməni seqmentində 60-dan çox düşmən əsgərinin bizim əsgərlərimizə hücumu ilə bağlı videoların yayılması məqsədyönlü təxribatdır. Eləcə də Ermənistan-Azərbaycan sərhədindəki atışma nəticəsində kiçik cavuş Gevorq Yuryeviç Xurşudyanın guya bizim tərəfimizdən öldürülməsi kimi saxta “xəbər”in tirajlanması da, habelə Ermənistanın Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozması da bu təxribatın uzantıları, epizodlarıdır.
Ermənistan silahlı qüvvələrinin təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açması eyni zamanda düşmən ölkənin hərbi-siyasi rəhbərliyində hökm sürən hərcmərcliyin göstəricisidir. Ermənistan Müdafiə Nazirliyi isə ənənəvi erməni həyasızlığını işə salaraq Azərbaycan mövqelərini atəşə tutma xəbərini təkzib edib. Bu da gözlənilən idi. Çünki biz Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı 28-29 illik işğal dönəmində də Ermənistan tərəfindən həm atəşkəsin tez-tez pozulmasının, həm də onların bunu qırmızı-qırmızı danmalarının dəfələrlə şahidi olmuşuq. İndi də eynilə həmin dəst-xətti və həmin ssenarini görürük.
Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri