SİYASƏT

Azərbaycan və Türkiyə öz gücünü qarşı tərəfə qəbul etdirməyə nail olub

Mövzusundan, mahiyyətindən asılı olmayaraq az qala hər bir məsələyə neqativ münasibət sərgiləmək, hər olayı dərhal qara rəngdə təqdim etməyə çalışmaq bəzi insanlarımızda, bəzi siyasi qüvvələrimizdə şakərə, pis vərdişə çevrilib. Son vaxtlar Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılması addımları çərçivəsində qarşılıqlı olaraq xüsusi nümayəndələrin təyin edilməsini və hər iki tərəfdən müsbət bəyanatların səsləndirilməsini Türkiyənin Ermənistana güzəştə getməsi kimi dəyərləndirənlər də bu qəbildən olan insanlardır.

Onu da deyim ki, bu cür qərəzli zehniyyət sahibləri, xəstə təfəkkürlü şəxslər təkcə Azərbaycanda deyil, Türkiyədə də var. Türkiyə rəsmilərinin bu məsələ ilə bağlı “Ermənistanla münasibətlərin normallaşdırılması prosesi üzrə işlər Azərbaycanla koordinasiya olunaraq aparılır”, deyə dəfələrlə açıqlama verməsinə baxmayaraq bu adamlar sanki qəsdən həmin açıqlamaları görməzdən gəlir və hər vəchlə suyu bulandırmağa, Azərbaycan ilə Türkiyə arasında heç olmasa, zərrə qədər də olsa soyuqluq yaratmağa can atırlar. Bu baxımdan Türkiyə XİN-in başçısı Mövlud Çavuşoğlunun məhz belələrinin bütün bütün iddialarına son qoymaq məqsədilə söylədiyi bu fikirlər olduqca təqdirə layiqdir: “Biz Azərbaycan ilə hər bir məsələdə öncədən məşvərət edirik və Azərbaycanın məlumatı olaraq bu cür addımları atırıq. Kimsə Azərbaycandan xəbərsiz, ya da ayrı hərəkət edərikmi deyə sorğulamasın. Biz bir millət, iki dövlətik. Bunlar xeyirli addımlardır, hamımıza faydası olacaq”.

Hörmətli Mövlud Çavuşoğlunun açıqlamasına əlavə və ya qüvvət olaraq onu qeyd etmək istərdim ki, bu gün rəsmi Bakı da Türkiyə və Ermənistan arasındakı münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlara pozitiv yanaşır. Çünki Türkiyənin Ermənistan ilə münasibətlərinin normallaşdırılması Azərbaycanın əleyhinə və ya ziyanına deyil. Əksinə, bu addım gələcəkdə Ermənistanla münasibətlərdə Azərbaycanın əlinin daha da güclənməsinə xidmət edəcək. Bu gün Ermənistanın həm Azərbaycan, həm də Türkiyə ilə münasibətlərin normallaşdırılması istiqamətində ilkin addımlar atmağa başlaması onu göstərir ki, Azərbaycan və Türkiyə öz gücünü qarşı tərəfə qəbul etdirməyə nail olub. Məsələyə bax bu yöndən yanaşmaq lazımdır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button