Bu da gözlənilən idi…

Sosial şəbəkələrin erməni seqmentində 60-dan çox düşmən əsgərinin bizim əsgərlərimizə hücumu ilə bağlı videoların yayılması məqsədyönlü təxribatdır. Eləcə də Ermənistan-Azərbaycan sərhədindəki atışma nəticəsində kiçik cavuş Gevorq Yuryeviç Xurşudyanın guya bizim tərəfimizdən öldürülməsi kimi saxta “xəbər”in tirajlanması da, habelə Ermənistanın Kəlbəcər, Gədəbəy və Şuşa istiqamətində atəşkəsi pozması da bu təxribatın uzantıları, epizodlarıdır.

Ermənistan silahlı qüvvələrinin təxribat məqsədilə Şuşa şəhəri ətrafında yerləşən postlarımız istiqamətində avtomat silahlardan havaya atəş açması eyni zamanda düşmən ölkənin hərbi-siyasi rəhbərliyində hökm sürən hərcmərcliyin göstəricisidir. Ermənistan Müdafiə Nazirliyi isə ənənəvi erməni həyasızlığını işə salaraq Azərbaycan mövqelərini atəşə tutma xəbərini təkzib edib. Bu da gözlənilən idi. Çünki biz Birinci Qarabağ müharibəsi ilə İkinci Qarabağ müharibəsi arasındakı 28-29 illik işğal dönəmində də Ermənistan tərəfindən həm atəşkəsin tez-tez pozulmasının, həm də onların bunu qırmızı-qırmızı danmalarının dəfələrlə şahidi olmuşuq. İndi də eynilə həmin dəst-xətti və həmin ssenarini görürük.

Ermənistan növbəti dəfə bu çirkin ssenarini işə salmaqla ilk növbədə Qərbin diqqətini yenidən Azərbaycanla Ermənistan arasında yaşanan son proseslərə cəlb etməyə və həmişə olduğu kimi yenə də Azərbaycanı beynəlxalq təzyiqlərə məruz qoymağa çalışır. Ermənilərin bu hiyləgər taktikası əvvəllər işləyirdi və müəyyən dərəcədə effekt də verirdi. Lakin indi artıq bu taktikaları da köhnəlib. Bu isə Paşinyanı və onun rəqiblərini əsla narahat etmir. Onlar reallıq hissini itirərək, seçkiqabağı mövqelərini möhkəmləndirmək üçün bütün vasitələrə əl atırlar. Sərhədlərin demarkasiyasına mane olmaq üçün yaratdıqları “şou”lar da ilk növbədə onların seçki maraqlarına xidmət edir. Ancaq onlar bu cür təhlükəli oyunların Ermənistana necə baha başa gələ biləcəyini isə dərk etmirlər. Və bu gedişlə Ermənistanı ağ günə çıxarmağa doğru aparmaq əvəzinə, seçki xaosuna sürükləyirlər.

Əlisahib Hüseynov

Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir