Dövlət başçısının bu məsələləri diqqətdə saxlaması Ağdamın dirçəlişində olduqca mühüm rol oynayacaq

Bu dəfə mayın 28-i yaddaşlarımıza təkcə Respublika günü kimi yox, həm də işğaldan azad edildikdən sonrakı dövrdə Ağdam şəhərində inşa olunacaq ilk yaşayış binasının təməlqoyma mərasimi ilə həkk olundu. Sözsüz ki, bu mərasimin də təşəbbüskarı məhz cənab Prezident oldu. Belə ki, mayın 28-də Ağdama səfər edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev səfər çərçivəsində sözügedən yaşayış binasının təməlini qoymaqla bərabər, habelə Ağdam Sənaye Parkının təməlqoyma mərasimində, Bərdə-Ağdam avtomobil yolunun təməlqoyma mərasimində, Ağdam şəhər meşə-parkında dağdağan ağaclarının əkilməsi mərasimində iştirak etdi, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının təməlini qoydu. Eləcə də, Prezident erməni vandalizminə məruz qalan Qiyaslı məscidinə getdi, Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi imarət kompleksində, Şahbulaq qalasında oldu, hər iki tarixi abidənin yenidənqurma planlarına baxdı.

Dövlət başçısının bu məsələlərin hər birini diqqətdə saxlaması Ağdamın dirçəlişində olduqca mühüm rol oynayacaq. Mən Ağdamın yeni layihəsinə diqqətlə baxdım və bu layihəni çox bəyəndim. Bəli, əminliklə deyə bilərik ki, indi Ağdamın intibahı başlanır. Ağdam yenidən qurulur. Bu qədim şəhərimiz öz ikinci baharını yaşamağa başlayır. İnşAllah bir neçə ilə yeni Ağdamın möhtəşəm mənzərəsi hər kəsi heyran edəcək. Prezidentin qeyd etdiyi kimi “biz elə bir Ağdam quracağıq ki, bütün dünya üçün örnək olacaq”. Ağdam buna layiqdir. Ağdam bunu haqq edir. Bu şəhər yenidən bütün Qarabağımızın işgüzar mərkəzinə çevrilməlidir. Bu şəhər tarixiliklə müasirliyin üzvi vəhdəti kimi ortaya çıxacaq. Ağdamın yeni biçimdə dirçəlişi həmçinin erməni işğalçılarına da ağır mənəvi-psixoloji zərbə olacaq.

Prezidentin Ağdama səfəri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi bir fikir barədə isə ayrıca danışmaq istəyirəm. İlham Əliyev ağdamlılarla söhbətində bir sıra mühüm açıqlamalar verdi. Onun çıxışında mənim diqqətimi cəlb edən əsas məqamlardan biri isə Ağdamın işğaldan azad edilməsinin nəyə görə 44 günlük müharibənin lap son mərhələsinə saxlanması ilə bağlı açıqlaması oldu. Prezidentin həmin açıqlaması ilə həm qürur duydum, həm də çox kövrəldim. Müharibədən sonra açıqlanan bu faktlar hərbi əməliyyatların Ali Baş Komandanımız tərəfindən ən xırda detalına qədər düşünüldüyünü, ölçülüb-biçildiyini göstərir.

Mən fürsətdən istifadə edib Prezidentin həmin açıqlamasını bir daha hər kəsin diqqətinə çatdırmaq istəyirəm: “Bilirəm ki, müharibə dövründə mənim “Twit”lərimi, mənim çıxışlarımı xalqımız səbrsizliklə gözləyirdi. Mən öz çıxışlarımda və bütün “Twit”lərimdə də hər zaman həqiqətləri deyirdim və yazırdım. Bir gün fikirləşdim, dedim ki, yəqin ağdamlılar fikirləşirlər ki, bəs nə üçün indi Cəbrayıl azad olundu, Xocavənd azad olundu, Hadrut, Suqovuşan, Murovdağ, Füzuli, Zəngilan, Qubadlı, gör, haralara gedib çıxmışıq. Bəs nə üçün Ağdamın kəndləri azad olunmur? Fikirləşirdim, yəqin ki, siz fikirləşirsiniz, ağdamlılar fikirləşir. Amma özümü saxlayırdım, deyə bilmirdim ki, nə üçün, deyə bilmirdim. Amma indi hər kəs bilir nə üçün. Çünki əgər biz bu istiqamətdən hücuma keçsəydik, bir çox şəhidlərimiz olacaqdı. Çünki onlar elə bir istehkam qurmuşdular, elə minalamışdılar ki, buradan bizim hücum etməyimiz, əlbəttə, böyük səhv olardı. Ancaq biz bu istiqamətdə kifayət qədər böyük hərbi qüvvə saxlamışdıq ki, erməni ordusunun əhəmiyyətli hissəsi, bax, burada olsun. Beləliklə, biz onların manevr imkanlarını böyük dərəcədə məhdudlaşdırdıq. Onsuz da biz Ağdamı alacaqdıq. Şuşa – alınmaz qala götürüləndən sonra mənim göstərişimlə növbəti istiqamət Ağdam oldu. Mən indi bunu deyə bilərəm. Artıq biz elə bil ki, arxa hissədən gələrək erməni qruplaşmasını mühasirəyə alıb tam məhv edəcəkdik”.

Prezidentin bu açıqlamasının onun hərbi strateqliyini, sərkərdəlik məharətini nümayiş etdirməsi öz yerində. Bu birmənalı olaraq belədir. İlham Əliyevin Ali Baş Komandanlıq dühası özünü İkinci Qarabağ müharibəsində əyani şəkildə təsdiqlədi. Ağdamın işğaldan azad edilməsinin müharibənin son mərhələsinə saxlanması həm də real döyüşlər zamanı həlledici qərarların heç də asan verilmədiyini göstərir. Çünki bu cür qərarlar taleyüklü qərarlardır. Və məhz belə qərarların düzgün verilməsi həm müharibənin gedişatını yönləndirir, nəticələrini müəyyən edir, həm də neçə-neçə əsgər həyatını xilas etmiş olur. Bu mənada, zaman göstərdi ki, İlham Əliyev Ali Baş Komandan olaraq 44 günlük müharibə zamanı hərbi əməliyyatların təşkili və gedişatı ilə bağlı həqiqətən də mükəmməl və effektiv qərarlar verib. Prezidentin bu açıqlaması dərsliklərə düşməyə layiq bir açıqlamadır və bizim hərb tariximizə qızıl hərflərlə yazılacaq.

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir