Bunu edən ya ermənidir, yadaki…

Son günlər hamımız əcaib bir tendensiyanın şahidi olmaqdayıq. Belə ki, özlərini “media təmsilçisi” kimi təqdim edən bəzi şübhəli şəxslər əllərinə mikrofon, kamera alıb rayonlara üz tutur və şəhidlərimizlə bağlı yazılar yazmaq, film çəkmək adı ilə onların ailələrinə müraciət edir, şəhid valideynlərindən pul istəyirlər. Yazıq valideynlər də şəhid balalarının adları gələn yerdə çarəsiz qalıb, deyilən məbləği (60, 100, 150 manat civarında) ödəməli olurlar. Başqa sözlə desək, həmin o qansız, heysiyyətsiz, mənəviyyatsız “jurnalist”ciklər şəhid analarının, şəhid atalarının həssasiyyətindən sui-istifadə edib pul qazanmağa çalışırlar. Lakin bu əməlin adı rüşvət tələb etməkdir, rüşvətxorluqdur və onlar bu əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar.

Bu eyni zamanda mənəvi cinayətdir. Şəhid anasından pul tələb etmək də nə deməkdir? Bunu edən ya ermənidir, yadaki manqurtdur. Çünki normal azərbaycanlı jurnalist heç vaxt belə bir murdar əməlin altına imza atmaz. Mən bir çox ləyaqətli, vicdanlı, öz peşəsinə hörmətlə yanaşan peşəkar jurnalistləri tanıyıram. Onlar da həmin dırnaqarası “jurnalistlər”i mediamızın və cəmiyyətimizin üz qarası hesab edirlər. Cəmiyyətimiz də öz növbəsində bu cür psevdo”jurnalist”ləri ictimai qınağa məruz qoymalıdır ki, onlar jurnalist adından istifadə edib həqiqi jurnalistlərimizin, mətbuatımızın adına xələl gətirə bilməsinlər. Hesab edirəm ki, “reket jurnalistikası” deyilən qara qüvvənin tamamilə sıradan çıxarılmasının vaxtı gəlib çatıb.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir