Minsk Qrupunu yenidən “diriltmək” istəyənlər də artıq bu faktla, bu həqiqətlə barışmalıdırlar

Prezident İlham Əliyevin avqustun 24-də BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım Vladanka Andreyevanı qəbul edərkən görüş zamanı bəyan etdiyi fikirlər Azərbaycanın postmüharibə dönəmindəki mövqeyini və Ermənistanın revanşist cəhdlərini, destruktiv-təxribatçı hərəkətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından olduqca mühüm əhəmiyyət kəsb edir.

Söhbət zamanı Cənab Prezident təqribən on il bundan əvvəl beynəlxalq birliyin böyük dəstəyi ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü və 2 il müddətinə sədri seçilməsi haqda, habelə həmin dövr ərzində ölkəmizin mühüm beynəlxalq məsələlərlə bağlı təşəbbüslər irəli sürməsi, beynəlxalq birliyin gündəliyində duran vacib qlobal məsələlərə toxunması, hazırda isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın beynəlxalq münasibətlər sistemində mühüm rol oynaması və BMT Baş katibinin təşəbbüslərinə dəstək olmağımız barədə danışdı.

Dövlət başçımız həmçinin imkanlarımız və potensialımız daxilində sülhə və təhlükəsizliyə töhfə verməyə çalışmağımızı da qeyd etdi və artıq keçmişdə qalan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin 30 il ərzində niyyə həll edilməməsinin tarixçəsini açıqladı, bunun səbəbkarlarını göstərdi. O qeyd etdi ki, BMT ilə bizim fəal qarşılıqlı əlaqələrmiz Ermənistanın Azərbaycan ərazilərinə təcavüzündən sonra başlayıb və 1993-cü ildə Təhlükəsizlik Şurasının məşhur qətnamələri qəbul olunub: “Bu, çox müsbət addım idi, erməni təcavüzünə toxunularaq bizə dəstəyin çox ümidverici bir jesti idi. Bizim beynəlxalq səviyyədə tanınan ərazilərimizdən erməni qoşunlarının dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələbi Təhlükəsizlik Şurasının çox mühüm siyasi bir jesti idi. Lakin, əfsuslar olsun ki, bu qətnamələr icra olunmamışdır və yəqin sizin də bildiyiniz kimi, Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizminin olmaması məsələsini mən şəxsən dəfələrlə qaldırmışam. Bəzi hallarda qətnamələr qısa müddət ərzində icra olunur, lakin bizə gəldikdə onlar beynəlxalq iştirakçılar tərəfindən ümumiyyətlə icra olunmamışdır. Xüsusilə bizi narahat edən və Azərbaycan cəmiyyətinin anlamaqda çətinlik çəkdiyi məsələ o idi ki, bu qətnamələri qəbul edənlər, Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkədən üçü ATƏT-in Minsk qrupuna həmsədr olan və hələ də həmsədrlik edən ölkələrdir. Onlar özləri bu qətnamələri qəbul etmişdir. Bu qətnamələrin həyata keçirilməsinə imkan yaratmaq üçün onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib”.

Azərbaycan Prezidenti tamamilə haqlı olaraq qeyd etdi ki, əgər Ermənistana qarşı vaxtında sanksiyalar tətbiq edilsəydi, əgər Minsk qrupunun həmsədrləri, dünyanın üç aparıcı ölkəsi öz potensiallarının heç olmasa, 5 faizini Ermənistanı işğalçı qüvvələrini geri çəkməyə inandırmaq və ya məcbur etmək üçün istifadə etsəydi, o zaman müharibə də baş verməzdi. Odur ki, müharibəyə görə məsuliyyət yalnız Ermənistanın üzərində deyil, həmçinin onu beynəlxalq hüquqa riayət etməyə məcbur edə bilməyən və ya bunu etmək istəməyənlərin üzərinə düşür. Prezidentin bu cür açıq mətnlə danışması və necə deyərlər, hər kəsi öz adıyla çağırması Minsk Qrupunu yenidən reanimasiya və reabilitasiya etməyə, proseslərə qoşmağa çalışanlara sanballı ismarıcdır. Eyni zamanda tutarlı ittihamdır. Doğrudan da, 30 ilə yaxın bir müddət ərzində münaqişəni konservasiya etməyə çalışan və Azərbaycan xalqının ümidləri ilə, gözləntiləri ilə oynayan bu bürokratik qurumu – Minsk Qrupunu indi hansı haqla yenidən dövrəyə soxmağa çalışırlar? Məgər onlar başa düşmürlərmi ki, hazırda həmsədrlərin öz fəaliyyətlərini davam etdirməsinə zərrə qədər də ehtiyac qalmayıb?

Axı Azərbaycan Prezidenti bundan əvvəlki çıxışlarında olduğu kimi xanım Vladanka Andreyeva ilə söhbətində də kifayət qədər açıq mətnlə bildirdi ki, Minsk Qrupunun fəaliyyətsizliyi nəticəsində Azərbaycan BMT-nin məlum qətnamələrini beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirməli oldu, beynəlxalq hüququn normalarını özü bərpa etdi, BMT-nin Nizamnaməsini rəhbər tutaraq hərəkət etdi və Təhlükəsizlik Şurasının (TŞ) qətnamələrini özü yerinə yetirdi. Və Minsk Qrupuna həmsədrlik edən, eyni zamanda TŞ-da yer alan super güclər BMT Nizamnaməsinin 51-ci maddəsinin hər bir ölkənin özünümüdafiə hüququnu tanıdığını da yaxşı bilirlər. Biz beynəlxalq hüququn bizə verdiyi bütün imkanlardan, rıçaqlardan istifadə edərək, öz ərazi bütövlüyümüzü bərpa etdik. Biz Azərbaycanın qəsb edilmiş haqqını bərpa etdik və Minsk Qrupunu yenidən “diriltmək” istəyənlər də artıq bu faktla, bu həqiqətlə barışmalıdırlar.

İlham Əliyev BMT-nin yeni təyin olunmuş rezident əlaqələndiricisi ilə fikir mübadiləsi zamanı onu da doğru qeyd etdi ki, artıq müharibə bitib, münaqişə həll olunub və indi bütün bu baş verənlər haqda danışılası heç bir məsələ qalmayıb. Biz artıq gələcəyə baxmalıyıq və hazırda bizim əsas narahatlığımız dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin bərpasıdır. Azərbaycanın yeni bir müharibəyə başlamaq planı, niyyəti yoxdur. Biz Cənubi Qafqazda sülhün və sabitliyin tezliklə bərqərar olunmasının tərəfdarıyıq. BMT və digər beynəlxalq qurumlar isə ilk növbədə Ermənistanı revanşist cəhdlərdən çəkindirməli və onu sülhə məcbur etməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir