Dövlətin bu istiqamətdə fəaliyyətləri bundan sonra da davam edəcək

Prezident İlham Əliyevin avqustun 26-da Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasiminə qatılması və orada çıxış etməsi iki planda olduqca mühümdür. Yaxın planda bu, dövlətin diqqət və qayğısının təzahürü kimi dəyərləndirilə bilər. Yəni ki, bu bir danılmaz faktdır ki, hərbçilər, qazilər və şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar və dövlət başçısı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, Azərbaycan Ordusunun hərbçilərinə, qəhrəman qazilərimizə diqqət və qayğı göstərməklə icra strukturları üçün, məmurlar üçün də yaxşı mənada parlaq nümunəyə çevrilir.

Sevindirici haldır ki, bu günə qədər şəhid ailələri, müharibə əlilləri üçün dövlət tərəfindən kifayət qədər böyük işlər görülüb. Belə ki, bu kateqoriyadan olan 10 minə yaxın insan dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilib, bu il isə 3 minə yaxın mənzil veriləcək və beləliklə, növbədə duran bir çox vətəndaşlarımızın mənzil problemi öz həllini tapacaq. Prezidentin bu günlərdə imzaladığı Sərəncam əsasında İkinci Qarabağ müharibəsində döyüşmüş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək. Ümumiyyətlə, Vətən Müharibəsi Qəhrəmanı adı alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.

Eləcə də təcavüzkar Ermənistanın deportasiya və işğal siyasəti nəticəsində qaçqın və köçkün vəziyyətinə düşən 1 milyona yaxın soydaşımız ötən illər ərzində dövlət tərəfindən hər cürə qayğı ilə əhatə olunub. Belə ki, 2007-ci ilədək çadır şəhərciklərində dözülməz şəraitdə yaşayan bu kateqoriyadan olan şəxslər üçün yeni qəsəbələr, şəhərciklər, yaşayış massivləri salındı. Dövlət bu insanlar üçün bir çox güzəştlər tətbiq etdi. Ümumiyyyətlə, dövlətimizin istər məcburi köçkünlərə, istərsə də şəhid ailələrinə və qazilərə qarşı münasibəti, qayğısı qənaətbəxşdir. Dövlətimiz son 30 il ərzində bu kateqoriyadan olan insanlarımıza sözün tam mənasında sahib çıxmağı bacardı. Mən bunu öz şəxsi təcrübəmdən deyirəm. Çünki həm Birinci Qarabağ müharibəsinin iştirakçısıyam, həm də keçmiş məcburi köçkünəm. Hal-hazırda da məcburi köçkünlər üçün tikilmiş şəhərciklərdən birində yaşayıram. Dövlətin qayğısı və bizim üçün yaradılmış şərait bizi tam qane edir.

Onu da qeyd etmək lazımdır ki, istər Prezident İlham Əliyev, istərsə də Birinci vitse-prezident Mehriban Əliyeva 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələrinə, qazilərə qarşı diqqət və qayğını daha da artırıb. Onlar tez-tez hospitallara gedir, yaralıların vəziyyəti ilə şəxsən yaxından maraqlanır, hərbçiləri mükafatlandırır, qazilərin işlə təmin olunmasını diqqətdə saxlayırlar. Məhz Prezidentin istəyi və iradəsi nəticəsində Vətən müharibəsindən sonra icra hakimiyyətlərində şəhid ailələri və qazilərlə bağlı yeni şöbələrin yaradılması və həmin şöbələrə qazilərin rəhbər təyin edilməsi də dövlətin qayğıkeşliyinin müsbət bir nümunəsidir. Əlbəttə, dövlətin bu istiqamətdə fəaliyyətləri bundan sonra da davam edəcək. Qəhrəmanlarımızın diqqət və qayğı ilə əhatə olunması strateji planda da olduqca əhəmiyyətlidir. Bu hər bir hərbçimizə, qazimizə dövlət tərəfindən bir mesajdır. O mənada ki, bu Vətən, bu xalq uğrunda, ərazi bütövlüyümüz uğrunda döyüşmüş heç bir insan dövlət qayğısından kənarda qalmayacaq. Eləcə də hazırda Orduda xidmət edən, dövlət sərhədlərimizi qoruyan hərbçilərimiz də əmindirlər ki, bu dövlət öz hərbçilərinə hər zaman sahib çıxmağı bacarır. Bu çox mühüm amildir. Hərbçilərin, qazilərin dövlətə psixoloji güvəni, inamı gələcək qələbələrimizin də etibarlı zəminidir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir