Rusiya tərəfi dərhal bu səhvini düzəltməliydi

Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində (zakupki.gov.ru) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda bizim ərazimizin qondarma “Dağlıq Qarabağ Respublikası” kimi qeyd olunması həqiqətən də bağışlanmaz səhvdir və Rusiya tərəfi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) bununla əlaqədar etirazını diplomatik kanallarla bildirməsini gözləmədən, özü dərhal bu səhvini düzəltməliydi.

Maraqlıdır ki, Azərbaycan XİN-in bu kimi yalnış məlumatların iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermədiyini qarşı tərəfin diqqətinə çatdırmasından sonra Rusiya tərəfi bu məsələnin texniki səhv olduğunu qeyd edib və aradan qaldırılması üçün müvafiq addımların atılacağını, habelə bu kimi məsələlərə gələcəkdə diqqətlə yanaşılacağını ifadə edib. Təki olsun. Təki bundan sonra ciddən diqqətlə yanaşsınlar, məsuliyyətli mövqe sərgiləsinlər. Əks təqdirdə, bizim də bu kimi halların heç də təsadüf xarakter daşımadığını, təxribat məqsədi daşıdığını düşünməyə haqqımız var. Rusiyanın Müdafiə Nazirliyi (MN) separatçı ermənilərə görə Azərbaycan-Rusiya münasibətlərini zərbə altında qoyan hərəkətlərə yol verməməlidir. Bu mənada Azərbaycan XİN tamamilə haqlı olaraq bildirib ki, bu kimi yalnış addımlar iki ölkə arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin ruhuna cavab vermir.

Eləcə də Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti nəzarəti həyata keçirən Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradovun Ağdərədə erməni separatçıları tərəfindən əsir götürülmüş hərbi qulluqçumuz Cəmil Babayevə Xankəndidə baş çəkib, onunla şəkil çəkdirməsi, lakin əsgərimizi ermənilərin əlindən alıb Bakıya gətirməməsi də nə sülhməramlılıq prinsiplərinə, nədəki dostluq və əməkdaşlıq münasibətlərimizin ruhuna uyğun gəlmir. Sülhməramlıların nəzarət etdiyi ərazidə əsgərimizin əsir götürülməsinin məsuliyyəti birbaşa general Muradovun üzərinə düşür. Odur ki, Rusiya sülhməramlıları qanunsuz erməni hərbçilərinə bu və ya digər şəkildə göz yummaq, himayəçilik etmək əvəzinə, Azərbaycan əsgərinin ən qısa müddətdə sərbəst buraxılması üçün hərəkətə keçməli və 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsini təmin etməlidirlər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir