Rəsmi İrəvanın bütün manevrləri, hiyləgər taktiki gedişləri onsuz da iflasa məhkumdu

Son bir il ərzində Azərbaycana qarşı bütün hərbi təxribatları boşa çıxan Ermənistanın diplomatik-siyasi müstəvidə iflası da qaçılmazdır. Bu ölkənin hansı variantlara əl atmasından asılı olmayaraq son çarəsi Azərbaycanın şərtlərini qəbul etmək, yeganə çıxış yolu böyük sülh sazişinin imzalanması istiqamətində real addımlar atmaqdır. Enində-sonunda rəsmi İrəvanın bütün manevrləri, hiyləgər taktiki gedişləri onsuz da iflasa məhkumdur. Əslində Nikol Paşinyanın özü də bu həqiqəti yaxşı dərk edir. O, Ermənistanın masaya oturmaqdan, Azərbaycanla ortaq məxrəcə gəlməkdən, sülh müqaviləsi bağlayıb əməkdaşlığa başlamaqdan başqa bir çarəsinin olmadığını hamıdan yaxşı bilir. Bu mənada dekabrın ortalarında Avropa Birliyinin paytaxtında Paşinyanın İlham Əliyevlə görüşünün keçiriləcəyi barədə yayılan xəbərləri də Ermənistan üçün bir fürsət, bir şans kimi dəyərləndirmək lazımdır.

Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış etməsini Ermənistanın baş naziri həqiqətən də ona verilmiş son fürsət kimi, “kart-blanş” kimi gözdən keçirməli və bu fürsəti düzgün dəyərləndirməlidir. Rəsmi Bakı artıq Aİ Şurasının Prezidentinin bu təklifinə müsbət reaksiya verib və ölkəmizin hər zaman siyasi dialoqa açıq olduğunu, bu kimi təmasları müsbət qarşıladığını və Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verildiyini açıqlayıb. Ermənistan tərəfi də görüşə razılıq verdiyini bildirib. Ümid edək ki, biz bu görüşdə nəhayət ki, məğlub Ermənistanın məğlub rəhbərinin növbəti avantürist davranışlarına şahidlik etməyəcək və populist açıqlamalarını eşitməyəcəyik. Paşinyanın artıq ağıllanmaq, ipə-sapa yatmaq, özünü adekvat və ciddi siyasətçi kimi aparmaq və konstruktiv qərarlar qəbul etmək vaxtıdır.

Onsuz da bu görüş bütün hallarda qalib bir ölkə kimi Azərbaycan tərəfinin mənəvi-psixoloji üstünlüyü şəraitində keçəcək. Görüş zamanı heç şübhəsiz ki, liderlər sərhədlərin delimitasiyası və demarkasiyasını, Zəngəzur dəhlizinin açılmasını, eləcə də 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn digər vacib məsələləri ilk sırada müzakirə edəcəklər. 16 noyabrda Ermənistanın növbəti təxribatı nəticəsində sərhəd ərazilərində baş verən toqquşmanın erməni silahlı qüvvələrinin ağır məğlubiyyəti ilə nəticələnməsi Paşinyanın Avropa Birliyini, ATƏT-i, NATO alyansını proseslərə cəlb etmək planlarının üstündən xətt çəkib və Azərbaycanın əlini daha da gücləndirib. Odur ki, Azərbaycan liderinin bu görüşdə “hücum diplomatiyası”ndan çıxış etmək imkanları daha da genişlənib.

Ola bilsin ki, Brüssel görüşündən sonra Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti Moskva görüşü də tezliklə baş tutacaq və bu görüş Brüssel görüşünün məntiqi davamı olacaq. Görüşlərin keçirilməsi qalıcı sülh üçün əlverişli zəmin yaradır. Bu görüşlər məğlubiyyəti ilə heç cürə barışa bilməyən Ermənistanı sonuncu dayanacağa – sülhə yaxınlaşdırır. Və burada Ermənistanın iradəsi, onun sülhü istəyib-istəməməsi heç bir rol oynamır. Çünki Ermənistan bütün hallarda sülhə razılıq verməyə məhkumdur. Biz indi Ermənistanın manevr imkanlarının tükəndiyini müşahidə etməkdəyik. 16 noyabr döyüşləri Ermənistanın nəinki sonuncu müqavimətini, həm də belini qırdı. Ermənistanın rəhbərliyi də, erməni cəmiyyəti də tam mənada başa düşdü ki, onlar hərbi üstünlüklərini həmişəlik itiriblər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir