Biz Ağdamı, Kəlbəcəri, Laçını bir güllə belə atmadan, bir şəhid vermədən mənfur erməni işğalından azad etməyi bacardıq

Biz əvvəllər məğlubiyyət sindromu yaşayan bir toplum kimi yalnız torpaqlarımızın işğal günlərini, faciəli hadisələrin ildönümlərini qeyd edirdik. Düz 30 il bu sindromla, bu acı ilə, bu ruh halıyla yaşadıq. Lakin 44 günlük Vətən müharibəsi hər şeyi kökündən dəyişdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Şanlı Ordumuz İkinci Qarabağ müharibəsində tarixi Qələbəyə imza atmaqla həyatımıza bir yenilik gətirdi, millət və dövlət olaraq gələcək taleyimizə yeni cığır açdı. Və nəticədə biz Ağdamı, Kəlbəcəri, Laçını bir güllə belə atmadan, bir şəhid vermədən mənfur erməni işğalından azad etməyi bacardıq. İndi o torpaqlar yenidən bütün Azərbaycanla birlikdə nəfəs alır, oralarda yenidən azərbaycanlı ruhu, Azərbaycan dövlətçiliyi hakimdir.

Bu gün həqiqətən də tarixi gündür. Biz bu gün Kəlbəcərin işğaldan azad edilməsinin birinci ildönümünü qalib xalq kimi qeyd edirik. Həm kəlbəcərlilər, həm də bütün Azərbaycan xalqı bu günü çox gözləmişdi. Məcburi köçkün həyatı yaşayan insanlarımız 30 il ərzində hər günü yurd həsrəti ilə başa vururdular. Lakin Ordumuzun parlaq qələbəsi və Ali Baş Komandanın diplomatik-siyasi səyləri keçən ilin 25 noyabrında işğalçı Ermənistan ordusunu Kəlbəcəri tərk etməyə məcbur etdi, kəlbəcərli soydaşlarımızın yurd həsrətinin Zəfər sevinci ilə əvəzlənməsinə vəsilə oldu. Bu hadisə dövlətçilik tariximizin, hərb tariximizin parlaq səhifələrindən biri kimi hər zaman qürurla xatırlanacaq.

Kəlbəcərin işğaldan azad edilməsi mərhələsi həm də onunla əlamətdardır ki, həmin günlərdə Ermənistan adlı qurama dövlətin və bütövlükdə ermənilərin iç üzü açıldı, erməni vandalizmi növbəti dəfə özünü ifşa etdi. Biz həmişə olduğu kimi öz humanistliyimizi nümayiş etdirərək onlara Kəlbəcərdən çıxmaq üçün vaxt verdik, lakin onlar isə bunun qarşılığında barbarcasına davranaraq evləri, meşələri yandırdılar, əkin yerlərini bərbad hala saldılar, su və elektrik xətlərini kəsdilər, talana yol verdilər. Beləliklə, dünya bir daha ermənilərin də, azərbaycanlıların da fərqini əyani şəkildə gördü. Bir sözlə, Kəlbəcər erməni faşizmini bütün dünyaya göstərmək baxımından müstəsna rol oynadı.

Bu gün Kəlbəcər də işğaldan azad olunan bütün digər ərazilərimiz kimi yenidən qurulur. Kəlbəcərdə böyük infrastrtuktur layihələrinə, bərpa işlərinə start verilib, yol çəkilir, işıq sistemi yenidən qurulur. Ümid edirik ki, Kəlbəcər tezliklə öz əvvəlki firavan günlərinə qayıdacaq, kəlbəcərlilər doğma torpaqlarında yaşamağa başlayacaqlar. Böyük Qayıdış həqiqətən də çox möhtəşəm olacaq!

Biz Milli Həmrəylik Partiyası olaraq xalqımızı Kəlbəcərin işğaldan azad olunmasının birinci ildönümü münasibətilə ürəkdən təbrik edir, eyni zamanda həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsinin gedişində torpaqlarımızın müdafiəsi, ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş bütün şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizlə qürur duyur, əsgər və zabitlərimizə təşəkkür edirik.

Əlisahib Hüseynov
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir