Tarix bu böyük missiyanı Heydər Əliyevin üzərinə qoymuşdu

Bir millətin tarixin bütün keşməkeşlərindən, sınaqlarından müvəffəqiyyətlə keçib gəlməsi və bir dövlətin daim ayaqda qala bilməsi, güclənməsi üçün bir çox amillərin mövcudluğu vacibdir. Ancaq bu amillərin arasında ən önəmli olanı isə zənnimizcə, məhz milli həmrəylik amilidir. Bəli, milli birlik, bütövlük, həmrəylik olmazsa, millətin və dövlətin varlığı avtomatik olaraq təhdidlərlə üzləşir, təhlükə altına düşür, “olum ya ölüm?” sualı ilə baş-başa qalmalı olur. Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə və onun tarixdəki roluna da ilk növbədə məhz milli həmrəylik prizmasından yanaşmaq, qiymət vermək lazımdır.

Heydər Əliyevin siyasi dühası, idarəçilik təcrübəsi və liderlik keyfiyyətləri haqqında indiyə qədər çox yazılıb. Onun haqqında yazdıqca yazmaq, danışdıqca danışmaq olar. Çünki Heydər Əliyev həqiqətən də istənilən yazara, istənilən siyasi şərhçiyə və istənilən araşdırmaçıya öz şəxsi keyfiyyətləri və fəaliyyəti ilə ən müxtəlif mövzular verən hərtərəfli şəxsiyyət və nəhəng siyasi fiqur idi. Ancaq mən bu gün Heydər Əliyevin məhz milli həmrəyliyimiz istiqamətindəki missioner rolundan danışmaq istəyirəm. Heydər Əliyev milli həmrəylik simvolu idi. O, məhz bu missiyanı həyata keçirmək, xalqımıza son dəfə xidmətini göstərmək üçün ikinci dəfə hakimiyyətə gəlmişdi.

Onun ötən əsrin 90-cı illərində Azərbaycanın təlatümlü ictimai-siyasi proseslərdən uğurla çıxmasında oynadığı mühüm roluna da elə bu aspektdən qiymət verilməlidir. Həmin dövr ölkəmizdə daxili qarşıdurma və xaos dövrü idi. Azərbaycan bir dövlət kimi parçalanmaq, tamamilə məhv olmaq həddinə gəlib çatmışdı. Ölkədə milli birlikdən, həmrəylikdən ümumiyyətlə söhbət belə gedə bilməzdi. Dərəbəyliyin hökm sürdüyü o illərdə ölkədə az qala hamı bir-birinə düşmən kəsilmişdi. Azərbaycan real olaraq vətəndaş müharibəsi təhlükəsi ilə üzləşmişdi. Hakimiyyət və xalq arasında uçurum dərinləşmişdi. Təcavüzkar Ermənistan da bir yandan torpaqlarımızın işğalını davam etdirirdi. Belə bir şəraitdə 1993-cü ilin iyununda Gəncədə qiyam baş verdi. Bu isə öz növbəsində ölkədə separatçılıq tendensiyasının güclənməsinə rəvac verdi. Qondarma “Talış-Muğan Respublikası” və “Sadval” kimi qurumlar ortaya çıxdı. Hakimiyyət isə istər qiyamı yatırmaqda, istərsə də separatçılığın qarşısının alınmasında acizlik nümayiş etdirir, vəziyyətə nəzarəti tamamilə itirirdi.

Ölkəmiz həqiqətən də parçalanmaq, dövlətçiliyimizi itirmək, işğal olunmaq təhlükəsi ilə üzləşmişdi. Biz bir millət və dövlət kimi məhv olmaq təhlükəsinin bir addımlığında idik. Xalqımız sabaha ümidlərini itirmişdi. Ölkə daxilindəki bu ağır ictimai-siyasi durum və Ermənistanın get-gedə genişlənən hərbi təcavüzü bizi “dalan”a soxmuşdu. Ölkəmiz çıxılmaz böhran içində çabalayırdı. Bir sözlə, ölkədə heç kim heç kimin kitabını oxumurdu. Bəli, bu, ölkədə milli həmrəyliyin sıfır həddində olduğu bir məqam idi. Xalqımız ağır günlərin şokunu yaşayırdı və eyni zamanda xilaskar axtarışında idi. Milləti yenidən bir araya toparlamağı bacaran, dövlətimizi siyasi çöküşdən və böhrandan qurtara bilən əsl Xilaskara ehtiyac yaranmışdı. Tarix bu böyük missiyanı Heydər Əliyevin üzərinə qoymuşdu.

Ölkəni siyasi, iqtisadi və hərbi böhran vəziyyətindən çıxarmaq ilk növbədə zəngin dövlətçilik təcrübəsi tələb edirdi. Heydər Əliyev məhz belə bir kritik məqamda hakimiyyətə gəldi və yeni Azərbaycanı qurmaq, az qala yüz yerə parçalanmış xalqımızı yenidən bir yumruq halına gətirmək, ölkədə ictimai-siyasi konsensusa, vəhdətə nail olmaq istiqamətində təcili və təxirəsalınmaz addımlar atmağa başladı. O, 90-cı illərin əvvəllərində bir-birini əvəzləyən hakimiyyətlərin yerinə yetirə bilmədiyi vəzifələri həyata keçirməyə start verdi. Söhbət Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirməkdən, beynəlxalq əlaqələrimizi genişləndirmək və dəstək qazanmaqdan, Ermənistanın hərbi təcavüzünü dayandırmaqdan, tamamilə çökmüş iqtisadiyyatı yenidən dirçəltməkdən gedirdi.

Heydər Əliyev bütün bunları bacardı. Ölkə daxilində sabitliyi bərpa etdi, qarşıdurma və anarxiyanı aradan qaldırdı, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı, işğalçı ölkə ilə atəşkəs sazişinin imzalanmasına, işğalın dayandırılmasına nail oldu. Onun gördüyü kompleks tədbirlər Azərbaycana yenidən dirçəlməyə imkan verdi. Bu dirçəlişin kökündə isə Ulu Öndərin milli həmrəylik fəlsəfəsi dayanırdı. Heydər Əliyev həmin dövrdə milli həmrəyliyin nə qədər vacib amil olduğunu hamıya əyani şəkildə göstərdi. Bu gün onun Anım günüdür. Biz onu vəfatının 18-ci ilində dərin ehtiram hissilə anır və “Ruhun şad olsun” deyirik. Müstəqilliyimizin qoruyucusunu, milli həmrəyliyimizin rəmzinə çevrilmiş bu parlaq simanı hər zaman şükranlıqla xatırlamaq mənəvi borcumuzdur.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir