Günahkarların hər biri layiqincə cəzalandırılacaq

Baş Prokurorluğun digər hüquq-mühafizə orqanları, güc strukturları ilə birlikdə “Tərtər işi” adlandırılan hadisələri yenidən araşdırmağa başlaması bütün hallarda müsbət addımdır və biz bu təkrar araşdırmanın nəticələrinin obyektiv olacağına əminik. Çünki ortada Prezident İlham Əliyevin siyasi iradəsi var. Cənab Prezidentin bir neçə gün öncə 2017-ci ildə baş vermiş Tərtər hadisələrinin yenidən araşdırılmasına göstəriş verməsi sözügedən araşdırmaların şəffaf və obyektiv aparılacağına zəmanət verir.

Son dövrlərdə ictimailəşən faktlar onu göstərir ki, “Tərtər işi” çərçivəsində həqiqətən də çoxsaylı qanun pozuntularına yol verilib və ağır işgəncələr tətbiq edilib. Məqsəd isə o olub ki, Aprel döyüşlərindən qalib çıxan Silahlı Qüvvələrimizin döyüş ruhu “5-ci kolon”a bağlı olan şəxslərin əli ilə sarsıdılsın, Qarabağımızı güc yolu ilə qaytarmaq qüdrətimizə inam hissi tamamilə öldürülsün, Ordumuz fədakar və vətənpərvər hərbçilərdən məhrum edilsin. Bax, bu qədər çirkin və məkrli bir niyyətə xidmət edən qüvvələr bu cür dəhşətli cinayətləri törədib, ağır işgəncələrə yol veriblər. Bu işgəncələrə, bu həbslərə yol verən qüvvələr nəinki Azərbaycan Ordusuna, eyni zamanda Azərbaycan dövlətçiliyinə zərbə vurmağa cəhd göstəriblər. Bu, dövlətimizə qarşı olduqca məkrli təxribatdır.

Təkrar araşdırmanın gedişində bütün bu faktların hamısı üzə çıxarılacaq və kimliyindən asılı olmayaraq bu işdə əli olan günahkarların hər biri layiqincə cəzalandırılacaq. Heç kimin buna şübhəsi olmasın. Təkrar araşdırmanın aparılması bütün məsələlərə aydınlıq gətirəcək və əsl günahkarlar üzə çıxarılıb ifşa ediləcək. Ordumuzun nüfuzuna xələl gətirmək istəyən, onun döyüş gücünü zəiflətmək məqsədini güdən qara qüvvələr cəzasız qalmayacaq.

Heç kim ordumuzun nüfuzuna sarsıdıcı zərbə vurmağa qadir deyil. Buna cəhd göstərən xainlər ədalət qarşısında mütləq cavab verəcəklər. Cənab Prezident də məhz haqq və ədalətin bərqərar olması üçün, ordumuzu içindən sarsıtmaq istəyənlərin tapılıb ifşa edilməsi üçün bu məsələnin daha dərindən araşdırılmasına göstəriş verib. Odur ki, istintaqın nəticələrini gözləməliyik. Yeni istintaq qrupunun yaradılmasının müsbət nəticələrini görəcəyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir